PDF Oxu

Dünya

  • 1 315

"Terrordan təmizlənmiş Suriyanın qurulması ən səmimi ümidimizdir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantının açılışında, eləcə də Fələstin və Livandakı vəziyyətə dair xüsusi sessiyada çıxış edib

image

Misirin paytaxtı Qahirədə keçirilən D-8 Sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantının açılışında, eləcə də Fələstin və Livandakı vəziyyətə dair xüsusi sessiyada çıxış edib.

SİA-nın məlumatına görə, o, artan münaqişələr, böhranlar və müharibələr fonunda qlobal təhlükəsizlik və sabitliyi təmin etməli olan qurumların öz öhdəliklərini yerinə yetirmədiyinə diqqət çəkib.

Suriyada (8 dekabrda 61 illik BƏƏS rejiminin çöküşündən sonra) xalqın həmrəyliyə, birliyə və ölkələrini yenidən qurmağa ehtiyacı olduğunu vurğulayan Ərdoğan bildirib: "D-8 olaraq suriyalı qardaşlarımızın yanında olmalıyıq. Burada sabitliyin təmin olunması üçün işlərimizi davam etdirəcəyik. Qonşuları və qardaşları olaraq buna töhfə verməyə çalışırıq. Bütün dini, məzhəbi və etnik qrupların birgə sülh şəraitində yaşadığı, terrorizmdən azad bir Suriyanın qurulması ən səmimi ümidimizdir."

Prezident Rəcəb Tayyib Ərdoğan həmçinin bu təşkilatın daha da böyüməsi və təsir dairəsinin genişlənməsi üçün yeni üzv və tərəfdaşlara qapının açıq olması lazım olduğunu vurğulayıb və deyib: "Azərbaycanın təşkilatımıza üzv olması ilə bu gün dünəndən daha güclüyük."

Ərdoğan Fələstin və Livandakı vəziyyətə dair xüsusi sessiyada çıxış edərkən Livandan sonra Suriyanın da İsrailin genişlənmə siyasətinin hədəfi olduğunu vurğulayıb. O bildirib ki, İsrailin Qolan təpələrində qanunsuz məskunlaşma fəaliyyətlərini genişləndirməsi də daxil olmaqla Suriyanın ərazi bütövlüyünü görməzlikdən gələn addımları müşahidə edilir.

Suriyanın və bölgənin sabitliyini təhdid edən qanunsuzluqlara D-8 olaraq daha güclü reaksiya verməyin zəruriliyini qeyd edən prezident belə deyib: "İslam ölkələri olaraq İsrailə qarşı atıla biləcək addımlara liderlik etməliyik. Hər şeydən öncə İsrailə silah sanksiyası tətbiq olunması, ticarət əlaqələrinin dayandırılması və onun beynəlxalq aləmdən təcrid edilməsi olduqca vacibdir. Bölgəmizdə ədalətli və dayanıqlı bir sülhün təmin edilməsi üçün D-8 ölkələri olaraq birlikdə daha çox səy göstərməliyik."

Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin məsələsinə dair uzunmüddətli hədəfin iki dövlətli həll modelini həyata keçirmək üçün bir müzakirə prosesinə başlamaq olduğunu da qeyd edib.

Digər xəbərlər