PDF Oxu

Dünya

  • 1 014

Almaniyadakı seçkilərdə 19 türk əsilli namizəd millət vəkili seçilib

image

Almaniyada keçirilən növbədənkənar federal seçkilər Xristian Birlik (CDU/CSU) ittifaqının qələbəsi ilə başa çatıb. 19 türk əsilli namizəd isə müxtəlif partiyalardan millət vəkili olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Təxminən 59,2 milyon seçicinin səsvermə hüququna malik olduğu erkən ümumi seçkilərdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb. Seçici fəallığı 84 faizə çatıb ki, bu da 1990-cı ildən bəri ən yüksək səviyyədir.

Seçki Şurası ümumi seçkilərin müvəqqəti rəsmi nəticələrini açıqlayıb.

Müvafiq olaraq, Xristian Demokratik Birlik Partiyası (CDU) və onun Bavariya əyalətində təşkil edilən qardaş partiyası Xristian Sosial Birlik Partiyasından (CSU) ibarət olan CDU/CSU seçkiləri 28,6 faiz səslə öndə tamamlayıb.
İfrat sağçı populist "Almaniya üçün Alternativ" (AfD) partiyası əvvəlki seçkilərdən 10,4 bənd çox, 20,8 faiz səslə ikinci yerdədir.

Sosial Demokrat Partiyası (SPD) 16,4 faiz səslə üçüncü, Yaşıllar Partiyası isə 11,6 faiz səslə dördüncü yerdədir.

Sol Partiya əvvəlki seçki ilə müqayisədə səslərini 3,9 bal artıraraq səslərin 8,8 faizinə çatıb.

Hökumətdən ayrılaraq növbədənkənar ümumi seçkilərin keçirilməsinə səbəb olan Azad Demokrat Partiyası (FDP) 4,3 faiz səslə 5 faiz səddinin altında qalıb.

Ümumi seçkilərə ilk dəfə qatılan "Sahra Vagenknecht Alyansı - Anlaşma və Ədalət Uğrunda" (BSW) Partiyası 4,9 faiz səslə baryeri az fərqlə keçib.

Seçkidə 19 türk əsilli namizəd Federal Məclisə deputat kimi daxil olmaq hüququ qazanıb.

Türkiyə əsilli millət vəkilləri seçən partiyalar arasında Sosial Demokrat Partiyası (SPD) 7, Sol Parti (Die Linke) 7, Xristian Demokrat Partiyası (CDU) 2, Yaşıllar (Grüne) 2 və Xristian Sosial Birlik Partiyası (CSU) 1 olub.

Bundestaqdakı yerlərin bölgüsü belədir: CDU/CSU 208, AfD 152, SPD 120, Yaşıllar 85, Sol Partiya 64.

Bu nəticələrə görə, çoxluğu yaratmaq üçün minimum 316 deputatın tələb olunduğu Federal Parlamentdə heç bir partiya təkbaşına hakimiyyətə gələ bilməz.

Xristian Birliyi (CDU/CSU) partiyasının kanslerliyə namizədi Fridrix Merz qələbəni elan edərək, "Mən indi qarşımızda duran vəzifənin məsuliyyətini və böyüklüyünü dərk edirəm. Buna böyük hörmətlə yanaşıram və bunun asan olmayacağını bilirəm" deyib.

"Ən vacibi Almaniyada mümkün qədər tez yaxşı parlament çoxluğu ilə hərəkət edə biləcək hökuməti yenidən qurmaqdır"- deyə Merz qeyd edib.

O, "Mənim mütləq prioritetim Avropanı gücləndirmək olacaq ki, biz ABŞ-dan müstəqilliyimizə nail ola bilək" ifadələrindən istifadə edib.