PDF Oxu

Dünya

  • 846

Ermənistan parlamenti məhbusların azadlığa buraxılmasına razılıq verib

Ermənistan parlamenti məhbusların azadlığa buraxılmasına razılıq verib
"Novosti-Armenia" informasiya agentliyinin yaydığı məlumata görə, Ermənistan parlamenti prezident Serj Sarksiyanın amnistiya haqqında qərarını dəstəkləmişdir. Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr edilən amnistiyanın elan edilməsini parlamentin 91 deputatı dəstəkləmiş, bir nəfər isə bitərəf qalmışdır. 396 məhbusun azadlığa buraxılması gözlənilir. İlkin istintaq nəticəsində azadlıqdan məhrumedilmə cəzasına məruz qalan daha 153 nəfərin azadlığa buraxılacağı bildirilmişdir. 379 nəfər məhbusun cəzasının qismən azaldılacağı gözlənilir. Azadlığa buraxılan məhbusların azadlıqdan məhurmedilmə cəzaları üç ildən artıq olmamalıdır. 5 ilədək azadlıqdan məhrum edilənlərin yalnız birinci və ikinci qrup əlillik dərəcələri olanlar azadlığa buraxılacaqdır. 2008-ci ilin 1-2 martında etiraz aksiyaları zamanı həbs edilmiş müxalifətçilərin də azadlığa buraxılacağı gözlənilir. O vaxt eks-prezident Levon Ter-Petrosyan Serj Sarksiyanın prezident seçkilərində qələbə çalmasına etiraz əlaməti olaraq əhalini küçələrə çıxarmışdı. Müxalifətlə polis arasında baş vermiş qarşıdurma böyük itkilərlə nəticələnmişdir. Hazırda müxalifətçilərin altı nəfəri həbsxanada qalmaqdadır. Ermənistanın "Azadlıq" radio xidmətinin məlumatına görə, parlamentin dövlət-hüquq məsələləri üzrə daim komissiyasının sədri David Arutyunyan amnistiyanın yalnız 2010-cu ildə 7 il azadlıqdan məhrum edilmiş "Armyanskoye vremya" qəzetinin baş redaktoru Nikola Paşinyana şamil ediləcəyini bildirib. Ermənistan Milli Konqresinin nümayəndəsi Aram Manukyan bu bəyanata etiraz olaraq demişdir ki, əfv fərmanı ilə amnistiya aktı qarışdırılmamalıdır. Onun dediyinə görə, həbs edilmiş müxalifətçilərin heç biri öz günahlarını boyunlarına almadıqlarından onların azadlığa buraxılmasının amnistiya aktına daxil edilməsi səhv mülahizədir.

Digər xəbərlər