Okruaşvili Saakaşvilini devirmək üçün Gürcüstana qayıdacağını vəd edib
"İnterfaks" informasiya agentliyinin Gürcüstanın "Maestro" telekanalına əsaslanaraq, yaydığı məlumata görə, hökumət təqibindən xaricə qaçmış Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Tbilisiyə qayıdaraq mayın 25-də müxalifətin keçirəcəyi mitinqdə iştirak edəcəkdir. Telekanala müsahibə verən İ.Okruaşvili demişdir: "Mayın 25-i hazırkı Gürcüstan iqtidarının son günü olacaqdır".
"Novosti-Qruziya" informasiya agentliyinin məlumatına görə, Gürcüstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi vətənə qayıtmağı nəzərdə tutan İ.Okuraşvilinin həbs ediləcəyini vəd edib. Gürcüstan DİN-in analitik departamentinin rəisi Şota Utiaşvili "Biz onun yolunu gözləyirik" deyə fikrini tamamlamışdır.
İ.Okruaşvili 2008-ci ildə fırıldaqçılıqda ittiham edilərək, 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Tezliklə o, Fransa hökumətindən siyasi sığınacaq almışdır. İndiyədək o, bir neçə dəfə Gürcüstana qayıdacağını bəyan etmişdir.
Mayın 21-də Gürcüstanda kütləvi etiraz aksiyaları başlanmışdır və müxalifət ölkə prezidenti Mixail Saakaşvilinin istefasını tələb etmişdir. Onlar mayın 25-də Tbilisidə Gürcüstanın ictimai telekanalı qarşısında mitinq keçirəcəklərini vəd etmişlər. İki gün dalbadal keçirilən ilk mitinqlərdən sonra mitinq təşkilatçısı olan "Xalq Yığıncağı" alyansının 36 tərəfdarı həbs edilmişdir. İlkin məlumata görə, həbs edilənlərin 14 nəfəri bir aydan üç ayadək administrativ cəzaya məhkum edilmiş, 6 nəfərinə qarşı isə cərimə tətbiq edilmişdir.
"Xalq Yığıncağı"nın lideri, keçmiş parlament spikeri Nino Burcanadze yüzlərlə partiyadaşının həbs edildiyini bəyan etmişdir. Polisin məlumatına görə, ölkənin bir sıra şəhərlərində insidentlər müşahidə edilmişdir. Batumidə 11 nəfər nəzarət altına götürülmüşdür.
Mayın 22-də müxalifət fəalları Tbilisidə polisin müqavimətini dəf eləməyə cəhd etmişlər. Polis müxalifətçilər əleyhinə rezin güllələrdən və gözyaşardıcı qazlardan istifadə etmişdir. İlkin məlumata görə, Tbilisidə keçirilən mitinqdə birinci gün 5 mindən 10 minədək, ikinci gün isə cəmi 2 minədək nümayişçi iştirak etmişdir. Təşkilatçılar mitinqlərə 60 minədək mitinqçi cəlb etmək istəyirdilər.