PDF Oxu

Dünya

  • 998

Taliblər Pakistanda keçirilən terror aktını bin Ladenin qisası kimi dəyərləndirib

Taliblər Pakistanda keçirilən terror aktını bin Ladenin qisası kimi dəyərləndirib
"Frans Press" informasiya agentliyinin məlumatına görə, "Taliban" terrorçu qruplaşmasının Pakistan şöbəsi bu ölkədə törədilən iki terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Mayın 13-də törədilmiş partlayışlar zamanı 70 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Partlayışlar Peşəvər şəhərinin 30 kilometrliyində baş vermişdir. Bu ərazidə hərbiləşdirilmiş polis bölmələri hazırlıq kursu keçirir. Odur ki, ölənlərin əksəriyyəti bu mərkəzdə məşq etməyə gələn hərbi qulluqçular olmuşdur. Qurbanlar arasında beş nəfər mülki şəxs olub. Partlayışlar törədilən anda avtobuslara minən kursantlar evlərinə yola düşəcəkdilər. Hər iki partlayışın kamikadzelər tərəfindən törədildiyi bildirilir. Taliblərin verdiyi bəyanata görə, bu partlayışlar "Əl-Qaida"nın lideri Üsamə bin Ladenin ilk intiqam aktıdır və onlar Pakistanda və Əfqanıstanda daha böyük terror aktları törətmək niyyətindədirlər. Xatırladırıq ki, bin Laden mayın 2-də Pakistanın Abbatabad şəhərində ABŞ-ın hərbi-dəniz qüvvələrinin xüsusi dəstəsi tərəfindən qətlə yetirilmişdir.

Digər xəbərlər