Suriya hökuməti müxalifətçilərlə danışıqlara getməyi qərara alıb
"The Christian Science Monitor" nəşrinin yazdığına görə, Suriya hökuməti nümayişçilərin rəhbərləri ilə danışıqlara getməyə hazır olduğunu bəyan etmişdir. Xatırladırıq ki, cari ilin mart ayından etibarən, Suriyanın paytaxtında və eləcə də, digər iri şəhərlərində çoxsaylı etiraz aksiyaları keçirilməkdə davam edirdi. Nəşrin məlumatına görə, müxalifət tərəfindən hakimiyyət dairələri ilə danışıqlara Suriya prezidenti Bəşər Əsədin yaxın müşavirlərindən biri Butayna Şaaban getmişdir. Qəzet bu şəxsin indiyədək heç bir uğur əldə etmədiyini yazmışdır. B.Şaabanın uğursuzluğunun başlıca səbəbi nümayişçilərin Suriyanın hakimiyyət dairələri ilə heç bir dialoqa girmək istəməmələri olmuşdur. Bundan başqa, Suriya müxalifəti yekdil olmadığından, onun vahid lideri də yoxdur. Belə bir lider olsaydı, sözsüz ki, o, rejim əleyhinə gedərək, müxalifətçilərin maraqlarını təmin edə bilərdi.
Suriyada nümayişlər martın ortalarında başlamışdır. Onlar əvvəllər, islahatların keçirilməsini tələb etsələr də, sonralar öz mövqelərini xeyli sərtləşdirdilər. Aprelin 21-də Bəşər Əsəd 1963-cü ildən qüvvədə olan fövqəladə vəziyyəti ləğv etdi. Bu, nümayişçilərin birinci tələbləri idi. Bundan sonra etiraz aksiyaları dayandırılmadığı üçün hakimiyyət dairələri meydan hərəkatına qarşı xüsusi əməliyyat keçirməyə başladılar. Nəticədə, 500 nəfərə yaxın adam həlak oldu. Müxalifətçilərin məlumatına görə, həlak olanlar, həbs edilənlər və itkin düşənlərin ümumi sayı 8 min nəfərə yaxındır.