Almaniyanın "Yaşıllar" Partiyası NATO-dan Əfqanıstandan çıxmağı tələb edib
"Doyçland Funk" nəşrinin yazdığına görə, Almaniya parlamenti xarici siyasət məsələləri üzrə komitəsinin üzvü və "Yaşıllar" Partiyasının Bundestaq deputat təmsilçisi Hans-Kristian Ştrebele Üsamə bin Ladenin qətlə yetirilməsindən sonra NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasını tələb etmişdir. Onun dediyinə görə, alyansın keçirdiyi hərbi əməliyyatdan sonra NATO-nun Əfqanıstanda qalması üçün heç bir qanuni əsas qalmır. "Əfqanıstanda bu ölkə vətəndaşları əleyhinə çevrilmiş müharibə 10 ilə yaxındır ki, davam etməkdədir. Başlıca vəzifə "Taliban" hərəkatının hakimiyyətdən uzaqlaşdırılması və Əfqanıstan qadınlarının hüquqlarının bərpası olmuşdur. Sonralar, BMT TŞ-nin qəbul etdiyi əsasnamə layihəsində yeganə məqsəd kimi Nyu-York, Vaşinqton və Pensilvaniyada törədilmiş terror aktlarının günahkarlarının məsuliyyətə cəlb edilməsi olmuşdur" deyə "Doyçland Funk" nəşrinin jurnalistinə verdiyi müsahibəsində K.Ştrebele bəyan etmişdir.
K.Ştrebele belə hesab edir ki, bin Laden öldürüldükdən sonra məqsədə çatılmışdır. "Artıq Əfqanıstanda "Əl-Qaida" terrorçuluq şəbəkəsinin heç bir məşq düşərgəsi qalmamışdır. Terror aktlarında iştirak edənlərin hamısı isə ya həbsxanalara salınmış, ya da məhv edilmişdir. Bu isə, o mənanı verir ki, alyansın Əfqanıstanda qalıb yeni hərbi əməliyyatlar keçirməsi üçün heç bir real əsası qalmır. Bu fakt nəzərə alınmalı və müvafiq nəticə çıxarılmalıdır. Mənim üçün isə başlıca cəhət müharibəni və qətllər törətməyi dayandırmaqdır" deyə siyasətçi bildirmişdir. K.Ştrebele ABŞ-ın Üsamə bin Ladenin aradan qaldırılmasında qanunçuluğa əməl etməsinə də şübhə ilə yanaşdığını qeyd etmişdir: "Əgər keçirilən əməliyyat bin Ladenin məhv edilməsi ilə başa çatmışdırsa, bu, daha çox edam səhnəsinə bənzəyir. Belə hesab edirəm ki, bu cür qətlin nə beynəlxalq hüquq, nə də hər hansı qanun çərçivəsinə sığmadığı məlum olur".