Obama bin Ladenin öldürüldüyünü bəyan edib
ABŞ prezidenti Barak Obama mayın 1-də televiziya efirində çıxışı zamanı belə bir bəyanat vermişdir ki, Pakistanın Abbatabad şəhərində keçirilmiş xüsusi əməliyyat nəticəsində "Əl-Qaida" terrorçuluq şəbəkəsinin lideri Üsamə bin Laden məhv edilmişdir. Prezidentin dediyinə görə, "bir nömrəli terrorçu"nun cəsədi ABŞ xüsusi xidmət orqanlarının nəzarəti altındadır. "Ədalət zəfər çalmışdır" deyə ABŞ prezidenti bəyan etmişdir.
ABŞ prezidenti bin Ladenin 2011-ci ilin 1 mayında baş vermiş atışma nəticəsində məhv edildiyini bildirmişdir. Əməliyyatda ABŞ-ın kiçik bir hərbi qrupu iştirak etmişdir. Onların içərisində nə itki verən, nə də xəsarət alan olmamışdır. B.Obama bin Ladenin izinə 2010-cu ilin avqustunda düşüldüyünü və onun dəqiq yerinin isə ötən həftə müəyyənləşdirildiyini vurğulamışdır. Jurnalistlər bu haqda məlumatı ABŞ prezidentinin çıxışından, təxminən, bir saat əvvəl əldə etməyə nail olmuşlar. Onlar bu məlumatları prezident əhatəsində olub, adlarının çəkilməsini istəməyən məmurlardan aldıqlarını etiraf etmişlər.
Təxminən, 10 il əvvəl - 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkun Ümumdünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına hücum edilmişdi. Bu terror aktlarının "Əl-Qaida" üzvləri tərəfindən törədildiyi ehtimal edilirdi. Həmin vaxt 3 min nəfərə yaxın adam ölmüşdü. Axtarışı elan edilmiş bin Ladenin ya Pakistanda, ya da Əfnqanıstanda gizləndiyi güman edilirdi. 2003-cü ildə həmin terror aktını törədənlərdən biri - Xalid Şeyx Məhəmməd Pakistanda həbs edilmişdi. Həmin şəxsin bin Ladenlə yaxın tanışlığı üzə çıxmışdı. Məhəmməd və onun 4 tərəfdaşı Quantanamo hərbi bazasında mühakimə ediləcəklər. Bin Ladenin məhv edilməsi üçün Əfqanıstanda və İraqda hərbi əməliyyatlar keçirilmişdir.
"Sinxua" informasiya agentliyinin məlumatına görə, Pakistanın xüsusi xidmət orqanı əməkdaşları bin Ladenin 2 arvadını və 6 uşağını həbs etmişlər. Tutulanlar İslamabadın 60 kilometrliyində yerləşən dağlıq ərazidə ələ keçirilmişlər. Xatırladırıq ki, bin Ladenin 19 uşağı var. Agentliyin məlumatına görə, mayın 1-də bin Laden oğullarından biri ilə birgə öldürülmüşdür. Onlarla birlikdə kuryer, onun qardaşı və bir qadın da qətlə yetirilmişdir. "Röyters"in məlumatına görə, bin Laden 1 milyon dollara satın aldığı ikimərtəbəli iqamətgahında gizlənirdi. Bina uca barı və tikanlı məftillə əhatə edilmişdi.
İnterpolun başçısı Ronald Noubl, bin Ladenin öldürülməsi ilə əlaqədar, dünya birliyi ölkələrini yeni terror aktlarından qorunmağa çağırmışdır.