PDF Oxu

Dünya

  • 897

Misir Qəzza bölgəsi ilə sərhədi açacaq

Misir Qəzza bölgəsi ilə sərhədi açacaq
Misirin hakimiyyət dairələri yaxın vaxtlarda Rafah sərhəd-keçid məntəqəsini açmağa hazırlaşırlar. Başlıca məqsəd Qəzza bölgəsinə ərzaq mallarının daşınması və insanların sərbəst surətdə hərəkət etmələrinə şərait yaratmaqdır. Bundan sonra Qəzza bölgəsinin blokadası aradan qaldırılacaqdır. Bu haqda "Əl-Cəzirə" telekanalına verdiyi müsahibəsində Misirin xarici işlər naziri Nabil əl-Ərəbi bəyanat vermişdir. Onun dediyinə görə, atılacaq bu addım Qəzza bölgəsinin blokadasının götürülməsində mühüm rol oynayacaqdır. Əl-Ərəbi demişdir ki, Misirin keçmiş hakimiyyət dairələri Qəzza bölgəsi ilə həmsərhəd olan yeganə keçid məntəqəsini bağlamaqla Fələstini zahiri aləmdən tədric etmək kimi utancverici bir hərəkətə yol vermişlər. Misirin keçmiş prezidenti Hüsnü Mübarək 2007-ci ildə "HƏMAS" hərəkatı hakimiyyət başına gəldikdən sonra, İsrailin təklifi ilə Rafah keçid-məntəqəsini bağlamışdır. Bundan sonra Misir, Fələstin sərhədindən yalnız kiçik həcmli humanitar yüklər keçirilirdi. Digər vacib ərzaq məhsulları yeraltı tunellər vasitəsilə daşınırdı. Həmin tunellər vasitəsilə Qəzza bölgəsinə qaçaqmalçılıq yolu ilə silahlar da keçirilirdi. Qəzza bölgəsinin blokadasının aradan qaldırılması haqda məlumat "FƏTH" və "HƏMAS" hərəkatlarının öz aralarında razılığa gələrək, milli birlik hökuməti yaratmalarından sonra yayılmışdır. Xatırladırıq ki, "FƏTH" və "HƏMAS" hərəkatlarının barışmasında məhz Misir hökuməti vasitəçilik etmişdir.

Digər xəbərlər