İran parlamenti Əhmədinejadı dəyişmək qərarına gəlib
Britaniyanın "Qardian" qəzetinin yazdığına görə, İran parlamentində ölkə prezidenti Mahmud Əhmədinejadın impiçment proseduruna hazırlıq mərhələsi başlanmışdır. Qəzet belə ehtimal edir ki, dövlət başçısının vəzifə postundan kənarlaşdırılmasının səbəbi onun ali dini lideri Əli Xameneyi ilə fikir ayrılığı ola bilər.
Son vaxtlar M.Əhmədinejad və Ə.Xameneyi arasında yaranan gərgin münasibət İran prezidentinin kəşfiyyat məsələləri üzrə nazir Heydər Moslehini istefaya göndərmək cəhdindən sonra daha da mürəkkəbləşmişdir. Aprelin 17-də nazir M.Əhmədinejadın tövsiyəsi ilə müvafiq bağışlanma ərizəsi ilə müraciət etsə də, o, Ə.Xameneyinin qərarı ilə öz vəzifəsinə bərpa edilmişdir.
M.Əhmədinejad və Ə.Xameneyi arasında fikir müxtəlifliyi əvvəllər də baş vermişdi. Məsələn, 2009-cu ildə Ə.Xameneyi prezidentin birinci müavini İsfəndiyar Rəhim Maşeyini istefaya göndərsə də, M.Əhmədinejad müavininin istefasını qəbul etməmiş, sonralar isə onu öz administrasiyasının başçısı təyin etmişdi. Məlum olduğu kimi, Maşeyinin qızı və M.Əhmədinejadın oğlu evlidirlər. "Los-Anceles Tayms" qəzetinin yazdığına görə, İran prezidenti 2011-ci ilin aprelində heç bir səbəb göstərmədən Maşeyini istefaya göndərmişdir. "Qardian" iki lider arasında olan anlaşılmazlıq kimi daha bir misal göstərir. Bu da 2010-cu ilin dekabrında M.Əhmədinejadın ali dini liderin xəbəri olmadan xarici işlər naziri Manuçöhr Mottakini istefaya göndərməsidir. Bundan sonra İranın xarici işlər naziri vəzifəsinə ölkənini atom enerjisi təşkilatının keçmiş başçısı Əli Əkbər Salehi təyin edilmişdir. Qəzetin məlumatına görə, Ə.Xameneyinin bu bəyanatına açıq surətdə etirazını bildirmişdir. Nəticədə o, bir çox deputatların və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək vəzifəli məmurlarının da xahişlərinə məhəl qoymayaraq, istefaya göndərilmiş kəşfiyyat məsələləri üzrə naziri vəzifəsinə bərpa etməkdən imtina etmişdir. Bundan başqa, ötən cümə günündən etibarən, prezident rəsmi yığıncaqlarda az görünməyə başlamışdır.