PDF Oxu

Dünya

  • 865

Suriyanın Homs şəhərində nümayişçilərə atəş açılıb

Suriyanın Homs şəhərində nümayişçilərə atəş açılıb
"Əl-Cəzirə" telekanalının məlumatına görə, aprelin 19-na keçən gecə Suriyanın Homs şəhərində qanun-qayda keşikçiləri dinc etiraz nümayişi keçirənlər əleyhinə gözyaşardıcı qaz tətbiq etmiş və onlara odlu silahlardan atəş açmışlar. Nəticədə, yaralananlar olmuşdur. Nümayişlərdə on min nəfərə yaxın adamın iştirak etdiyi bildirilir. Şəhərin mərkəzi meydanına toplaşan nümayişçilər Bəşər Əsəd rejimi dəyişənədək burada qalacaqlarını bildirmişlər. Bazar ertəsi axşamadək Homs şəhəri ölkənin güc strukturları tərəfindən mühasirəyə alınmışdı. Məlumata görə, şəhər üçqat blokpostla əhatə edilmişdi. Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanı əməkdaşları nümayişçilərin gecə 3-ün yarısınadək dağılışmalarını tələb etmişlər. Onların dağılışmadıqlarını görən güc strukturları odlu silahlardan atəş açmışlar. Gecə nümayişlərinin davam etməsi bazar günü islahat tələbi ilə çıxış edənlərin 25 nəfərinin ölümünə səbəb olmuşdur. Məlumata görə, nümayişçilərə atəş açanlar mülki geyimdə olmuşlar. Bazar ertəsi öldürülənlərin dəfn mərasimi keçirilmişdir. Mərasimə minlərlə adam gəlmişdir. Suriyada etiraz aksiyaları mart ayından keçirilir. Əvvəllər, nümayişçilərə qarşı sərt tədbirlərə əl atan güc strukturları odlu silahdan atəş açırdılar. O vaxt ölkə prezidenti Bəşər Əsəd nümayişçiləri xarici ölkələrin bədnam qüvvələrinin təsiri altında olmaqda ittiham edirdi. Martın axırlarında B.Əsəd Suriyada 50 il ərzində davam edən fövqəladə vəziyyəti ləğv edərək, demokratik islahatlar keçirəcəyini vəd etmişdi.

Digər xəbərlər