PDF Oxu

Dünya

  • 677

Küveyt hökuməti istefa verib

Küveyt hökuməti istefa verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Küveyt hökuməti ölkənin baş naziri Naser əl-Sabaha istefa ərizəsi ilə müraciət etmişdir. Agentlik kabinetin bu cür addım atmasının səbəbini Milli Məclisdə üç nazirin istintaqının aparılmasının qarşısının alınması ilə izah edir. Hökumətin istefaya çıxıb-çıxmayacağı haqda qərarı dövlət başçısı əmir Sabah əl-Sabah qəbul edəcəkdir. Deputatların Milli Məclisdə istintaqa çağırdıqları çinovniklərdən biri korrupsiyada şübhəli bilinən iqtisadiyyat naziridir. Parlament üzvləri həmin nazirdən 900 milyon dollar məbləğində hökumət müqaviləsi imzalaması haqda suallar vermək istəyirdilər. Deputatlar xarici işlər və neft nazirlərini də Milli Məclisə dəvət etməyi nəzərdə tutmuşdular. Çünki onların vəzifə səlahiyyətlərini aşmamasına inanmırdılar. Nazirlərin üçü də Küveytdə hakimiyyət başında olan əl-Sabahın ailə üzvləridir. Küveytin baş naziri Naser əl-Sabah əmirin qardaşı oğludur və 2006-cı ildən vəzifə postu tutur. Onun vaxtında Nazirlər Kabineti 6 dəfə istefa ərizəsi ilə rəsmi müraciət etmişdir. Hər dəfə səbəb kimi Milli Məclisdə baş verən konflikt misal gətirilmişdir. Son dəfə Küveyt hökuməti 2009-cu ildə buraxılmışdı. O vaxt deputatlar büdcə vəsaitini xərcləməkdə şübhəli bildikləri baş naziri Milli Məclisə çağırıb sorğu-suala tutmaq istəyirdilər. Konfliktin qızışması səbəbindən parlamenti buraxmaq lazım gəlmişdi. Belə ehtimal irəli sürülür ki, əmir növbəti dəfə də hökuməti formalaşdırmağı Naser əl-Sabaha tapşıracaq. Hökumətin istefası rejim əleyhinə başlanan etiraz aksiyalarından sonra yeni vüsət almışdır. Martın 11-də Əl-Küveytin baş meydanına çoxsaylı gənclər yığışmışdır. Onlar baş nazirin istefası və siyasi azadlıqlar tələbləri ilə çıxış edirdilər.

Digər xəbərlər