PDF Oxu

Dünya

  • 965

Əl-Baradeyi Misir prezidenti olmaq istəyir

Əl-Baradeyi Misir prezidenti olmaq istəyir
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, MAQATE-nin keçmiş başçısı və Nobel mükafatı laureatı Məhəmməd əl-Baradeyi demokratik seçkilərdə Misir prezidentliyinə namizədliyini irəli sürmək istəyini bəyan etmişdir. Prezident seçiləcəyi təqdirdə, əl-Baradeyi xaricdə əldə etmiş olduğu təcrübədən Misirin faydası yönündə istifadə edəcəyini bildirmişdir.
O, həmçinin, Misirdə yoxsulluq probleminə qarşı ciddi mübarizə aparacağını da vəd etmişdir. Əl-Baradeyi Misir Silahlı Qüvvələri Ali Şurasının altı ay ərzində parlament və prezident seçkiləri keçirməsi haqda bəyanatının səhv olduğunu qeyd etmişdir. Onun fikrincə, bu vaxt ərzində demokratik seçkilərin keçirilməsi qeyri-mümkündür. Əl-Baradeyi ölkə konstitusiyasında dəyişiklik edilməsinin də əleyhinə olduğunu vurğulamışdır. Onun fikrincə, ölkə konstitusiyası sıfır həddindən başlanılmaqla, yenidən yazılmalıdır.
Misirdə seçkilərin keçirilməsi vaxtı müəyyənləşdirilməmişdir. Konstitusiya islahatları haqda səsvermə martın 19-da keçiriləcəkdir. Prezidentlik müddəti kimi hər bir namizəd üçün 2 dördillik müddət əsas götürüləcəkdir. Fevralın 11-də Misir prezidenti Hüsnü Mübarək istefaya çıxarkən, əl-Baradeyi müxalifət liderlərindən biri kimi tanınırdı. Misir prezidentliyinə namizədliyini irəli sürmək qərarını əl-Baradeyi fevralın 4-də qəbul etmiş və demişdir ki, Misir xalqının arzu edəcəyi təqdirdə, məmnuniyyətlə prezident postunu tutardı. Ondan başqa, Misir prezidenti olmaq istəyini Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa da ifadə etmişdir.
Misirin keçmiş prezidenti H.Mübarək ölkədə 29 il hökmranlıq etmişdir. Ötən bu vaxt ərzində Misirdə daim fövqəladə vəziyyət rejimi hökm sürmüşdür.

Digər xəbərlər