PDF Oxu

Dünya

  • 720

Liviya HHQ-si daha bir şəhəri bombalayıb

Liviya HHQ-si daha bir şəhəri bombalayıb
"Röyters" informasiya agentliyinin məlumatına görə, Liviyanın hərbi-hava qüvvələri martın 3-də Breq şəhərini bombardman etmişdir. Şahidlərin dediklərinə görə, Müəmmər Qəddafinin tərəfdarları bombardmandan sonra şəhəri atəşə tutmuşlar.
Breq şəhəri Liviyanın neft sənayesi mərkəzi kimi tanınır. Bir gün əvvəl döyüşən şəhər M.Qəddafi tərəfdarlarının nəzarətindən çıxmışdı. Hazırda şəhər müxalifətçilərin əlindədir. Döyüş nəticəsində hökumət qüvvələrinin 10 hərbi qulluqçusu həlak olmuşdur. "Əl-Cəzirə"nin məlumatına görə, Breqdə M.Qəddafinin 200-ə qədər döyüşçüsü qalmışdır.
Bir müddət əvvəl, Əcəbiyyə, Racma və Benqazi şəhərlərinin aviasiya bombardmanına məruz qalmaları haqda xəbərlər yayılırdı. Martın 2-də M.Qəddafinin döyüşçüləri strateji cəhətdən vacib olan Sabrata və Qaryan şəhərlərini qaytarmağa nail olmuşlar. Həmin şəhərlər paytaxt Tripoli şəhəri yaxınlığında yerləşir. Fevralın 15-də başlamış qarşıdurma yavaş-yavaş vətəndaş müharibəsinə çevrilmişdir. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, döyüşlərdə 6 min nəfər həlak olmuşdur.

Digər xəbərlər