PDF Oxu

Dünya

  • 824

"Əl-Qaida" Tunis və Misir əhalisini təkrar üsyana çağırıb

"Əl-Qaida" Tunis və Misir əhalisini təkrar üsyana çağırıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Əl-Qaida" ierarxiyasında ikinci lider hesab edilən Ayman əl-Zəvahiri Tunis və Misir əhalisini keçid hökumətləri əleyhinə üsyan qaldırmağa və etiraz aksiyaları keçirməyə çağırmışıdır. Əl-Zəvahirinin 15 dəqiqəlik çağırışı fevralın 27-də islam saytlarından birində yerləşdirilmişdir. Bu çağırışında əl-Zəvahiri son hadisələrin şərhini də vermişdir. Onun dediyinə görə, ABŞ rəhbərliyi uzun müddət Tunisdə baş verən hadisələri müşahidə etmiş və bu rejimin bundan sonra Vaşinqtonun maraqlarını müdafiə etməyəcəyini yəqinləşdirdikdən sonra prezident Zin əl-Abidin ben Əlinin devrilməsini dəstəkləmişdir. Əl-Zəvahiri demişdir ki, ABŞ Misir hadisələrinə də müşahidəçi kimi yanaşmış və ölkə prezidenti Hüsnü Mübarəkin hakimiyyətdə qalmayacağını müəyyənləşdirdikdən sonra Qahirənin süqutu ilə razılaşmışdır. Bu, Tunisdə və Misirdə nümayişlər başlandıqdan sonra əl-Zəvahirinin etdiyi üçüncü videomüraciətdir. Əvvəllər "Əl-Qaida" lideri H.Mübarəki "böyük ərəb sionisti" adlandırmışdır. "Əl-Qaida"nın Şimali Afrika şöbəsi Liviyada hökumət əleyhinə gedən nümayişləri dəstəkləmişdir. Şimali Afrika və Yaxın Şərqdə mövcud olan avtoritar rejimlər ABŞ-ın müttəfiqləri olması səbəbilə "Əl-Qaida" bu ölkələrdəki etiraz aksiyalarını dəstəkləyir. Ancaq nümayişlərin başlıca xüsusiyyətləri o olmuşdur ki, orada iştirak edənlər dini şüarlar irəli sürməmişdilər. Tunis prezidenti yanvarın 14-də devrilmiş, Misir prezidenti isə fevralın 11-də istefaya çıxmağa məcbur olmuşdur. Bu ölkələrdə yaranan müvəqqəti hökumətlər kübar xarakteri daşımaqdadırlar. Misir nümayişlərində "müsəlman qardaşları" islamçı hərəkatı başlıca rol oynasa da, nümayişlərdə islam amili faktoru öncül yer tutmur.

Digər xəbərlər