İran telekanalı Kəddafinin oğlunun müxalifət tərəfinə keçdiyini bildirib
Fevralın 25-də İranın "Press TV" telekanalı Liviya lideri Müəmmər Kəddafinin oğlu Saif əl-Ərəbin müxalifətçilər tərəfə keçdiyini bəyan etmişdir. Telekanalın məlumatına görə, M.Kəddafi güc strukturlarının loyallıqlarının təminatını və onların müxalifətçilər tərəfə keçməməsini oğlu Saif əl-Ərəbə tapşırdıqdan sonra, fevralın 24-də əl-Ərəb Benqazi şəhərində etiraz aksiyalarında iştirak edənlərə qoşulmuşdur.
Bu şəhər öz böyüklüyünə görə Liviyada ikinci yaşayış məntəqəsi hesab edilir və hazırda müxalifətçilərin nəzarəti altındadır. Əl-Ərəbin İran telekanalına verdiyi məlumata görə, M.Kəddafi müharibədə məğlub olacağı təqdirdə, ya sui-qəsd, ya da Cənubi Amerikaya qaçmaq yolu seçəcəkdir. Başqa mənbələr, hələlik, bu məlumatları təsdiq etmir.
M.Kəddafinin 7 oğlu və bir qızı var. Qanun pozuntusundan sonra M.Kəddafinin ikinci oğlu Saif əl-İslam iki dəfə Liviya televiziyasında çıxış etmişdir. O, çıxışında bildirmişdi ki, ölkədə qarmaqarışıqlıq yaradan xarici ölkələrdir və onlar Liviyanı bir neçə radikal islam dövlətlərinə parçalamaq istəyirlər. Əl-İslam müxalifətçilərin etiraz aksiyalarını boğmaq üçün hərbi aviasiyanın yardımından istifadə edilməsi faktını təkzib etmişdir. M.Kəddafinin altıncı oğlu Hamis 32-ci batalyona komandanlıq edir. "Röyters"in məlumatına görə, Wikileaks Liviyanın 32-ci batalyonunu "rejimin dəstəklənməsi üzrə hərbi hissə" kimi xarakterizə etmişdir. Bu batalyonda 10 min hərbi qulluqçu xidmət edir. Wikileaks bu məlumatı diplomatik yazışmalardan götürmüşdür.
"Röyters" fevralın 24-də Fransanın insan hüquqları üzrə səfiri Fransua Zimerdən aldığı məlumata görə, Liviyada müxalifətçilərin etiraz aksiyalarının başlanmasından bu günədək 2 min nəfər həlak olmuşdur.