Liviya hökuməti xalq inqilabını qanla boğmaq qərarı qəbul edib
Britaniyanın "Qardian" qəzetinin fevralın 22-də yazdığına görə, Böyük Britaniya Liviyaya 8 fərdi lisenziya üzrə silah satışını dayandırmışdır. Londonun bu cür qərar qəbul etməsinin səbəbi Liviya hökumətinin etiraz aksiyası iştirakçılarının 300 nəfərdən çoxunu qətlə yetirməsi ilə əlaqədar olmuşdur.
Ötən vaxt ərzində kütləvi informasiya vasitələrində dəfələrlə belə bir məlumat getmişdi ki, Liviya lideri Müəmmər Kəddafi ölkədən qaçmışdır. Böyük Britaniyanın Yaxın Şərq və Şimali Afrika dövlətləri ilə əlaqə və münasibətlərinə cavabdeh olan hökumət məmuru Elister Bertin dediyinə görə, Liviyaya silah satışında Londonun mövqeyi dəyişməz olaraq qalacaqdır. Yəni silah o ölkələrə satılacaqdır ki, ondan ölkədaxili repressiyalarda istifadə edilməsin. Bu və ya digər ölkənin hər hansı bölgəsində konflikt yaranmasına səbəb olan silah satışına məhdudiyyət qoyulacaqdır.
Bir müddət əvvəl, Böyük Britaniya və Fransa Bəhreynə silah satışını dayandırmışdı. Səbəb ölkə əhalisinin şiə çoxluğunun sünni əsilli kral sülaləsi əleyhinə çıxışı olmuşdur. "Vedemosti" qəzeti yazır ki, Rusiya ilə Liviya arasında 2 milyard dollar məbləğində silah satışı müqaviləsi imzalansa da, indiyədək Tripoliyə silah göndərilməmişdir. "Frans Press"in məlumatına görə, fevralın 22-də Avstraliya, Çin, Hindistan və Malaziyada fəaliyyət göstərən bir qrup Liviya diplomatı Müəmmər Kəddafi rejimi ilə münasibətləri kəsdiyini bəyan etmişdir. Hindistanda fəaliyyət göstərən Liviya səfiri Əli əl-Esavi Liviya hökumətinin dinc əhaliyə qarşı zorakılığına etiraz əlaməti olaraq, istefaya çıxdığını bəyan etmişdir. Diplomat hökumətin Benqazi nümayişçilərinə qarşı hərbi-hava qüvvələrindən istifadə edildiyini misal çəkmişdir. Avstraliyada fəaliyyət göstərən Liviyanın mədəniyyət missiyası üzrə konsulu Omran Zred hazırda Tripoli iqtidarını yox, Liviya xalqını təmsil etdiyini bildirmişdir. Malaziya səfiri də Kəddafi hökuməti ilə münasibətləri pozduğunu bəyan etmişdir. Liviyanın Banqladeşdəki nümayəndəliyi də eyni mövqedən çıxış etmişdir. Liviyanın BMT-dəki nümayəndəsi M.Kəddafini xalqına qarşı soyqırımında ittiham etmiş və onun istefaya çıxmasını tələb etmişdir.
Liviyada meydan hərəkatı fevralın 15-də başlanmışdır. Hüquq-müdafiə təşkilatlarının hesablamalarına görə, ölkədə qarşıdurma zamanı ölənlərin sayı 360 nəfəri keçmişdir.