Hüsnü Mübarək konstitusiyada dəyişiklik edilməsi üçün komissiya yaradıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misir prezidenti Hüsnü Mübarək fevralın 8-də ölkə konstitusiyasında dəyişiklik edilməsi üçün xüsusi komissiya yaradıldığı haqda bəyanat vermişdir.
Bir müddət əvvəl, müxalifətçilər tələb edirdilər ki, konstitusiyada edilən dəyişiklik zamanı bir şəxsin iki prezidentlik müddətindən artıq seçilməməsi nəzərdə tutulmalıdır və dövlət başçısının səlahiyyət müddəti 6 ildən 4 ilə endirilməlidir. Bununla yanaşı, müxalifətçilər tələb edirdilər ki, siyasi və iqtisadi islahatları işlək vəziyyətə gətirmək üçün nəzarət komitəsi yaradılsın. Bütün bu tələblərə baxmayaraq, etiraz aksiyası keçirənlərin H.Mübarəkin istefaya çıxması ilə əlaqədar tələbləri yerinə yetirilməmişdir.
"Assoşieyted Press" agentliyi xəbər verir ki, "Human Rights Vatch" beynəlxalq hüquq-müdafiə təşkilatının yanvarın 25-də etibarən Misirdə keçirilən kütləvi aksiyalarda 297 nəfərin həlak olduğu haqda məlumatı fevralın 7-də açıqlanmışdır. Məlum olmuşdur ki, Qahirə, İsgəndəriyyə və Süveyş şəhərlərində kütləvi aksiyalar daha coşqun xarakterli olmuşdur.
Yanvarın 29-da H.Mübarək hökumətdə dəyişiklik etmiş və 1981-ci ildən etibarən, ilk dəfə olaraq, vitse-prezident postu yaratmışdır. Bu postu kəşfiyyat idarəsinin başçısı Ömər Süleyman tutmuşdur. H.Mübarək fevralın 1-də televiziya ilə çıxış edərək, növbəti prezident seçkilərində öz namizədliyini irəli sürməyəcəyini bəyan etmişdir. Xatırladırıq ki, Misirdə prezident seçkiləri 2011-ci ilin sentyabrına təyin edilmişdir.