Hüsnü Mübarəkin tərəfdarları müxalifətçilərə hücum ediblər
"Frans Press" informasiya agentliyinin fevralın 3-də yaydığı məlumata görə, Misir prezidenti Hüsnü Mübarəkin silahlı tərəfdarları Qahirədə ordu hissələrinin yaratdığı canlı barılardan keçib, müxalifətçilərə hücum etmişlər. Misir paytaxtının Təhrir meydanında olan ordu hissələri qarşıduran tərəflərə maneçilik törətməyə çalışmışlar. Qahirənin bir çox məntəqələrində əsgərlər nümayişçiləri həbs etmişlər.
Müxalifətçilərin prezident H.Mübarəkin istefasını tələb edən çağırışları yanvarın 25-də başlanmışdır. Qayda-qanun yaradılması üçün meydanlara qoşun hissələri çıxarılmışdır. Əldə olunan məlumatlara görə, ordu hissələri nümayişçilərə maneçilik törətmirlər. Fevralın 2-də Təhrir meydanında müxalifətçilərlə hökumət tərəfdarlarının qarşıdurması yaranmışdır. Nəticədə, 3 nəfər həlak olmuş, 1500 nəfərdən çox adam yaralanmışdır. Qarşıdurma cümə axşamı gecəsinədək davam etmişdir. Gecə baş vermiş qarşıdurma nəticəsində 5 nəfər həlak olmuş, 836 nəfər yaralanmışdır. Qarşıdurma yaranmamış H.Mübarəkin növbəti prezident seçkilərində iştirak etməyəcəyi xəbəri yayılmış və nümayişçilərə evlərinə getmək tövsiyə edilmişdir. Buna baxmayaraq, mitinqçilər küçələrdə qalmağa üstünlük vermiş və H.Mübarəkin təxirə salmadan istefaya getməsini tələb etmişlər.
"Frans Press" agentliyi qeyd edir ki, 5 Avropa Birliyi ölkəsi Misirdəki vəziyyətlə bağlı birgə bəyanat qəbul etmişdir. Fransa prezidenti Nikolya Sarkozi, Almaniya kansleri Angela Merkel, İtaliyanın baş naziri Silvio Berluskoni, İspaniyanın hökumət başçısı Xose Luis Rodriges Sapatero və Böyük Britaniyanın baş naziri Devid Kemeron Misir hökumətini təxirəsalınmaz siyasi dəyişikliyə çağırmışlar. Onlar H.Mübarəkin istefası məsələsinə toxunmadan, əhalinin geniş dəstəyini qazanmış hökumət yaratmağa çağırmışlar. Bir müddət əvvəl, bu cür çağırışla ABŞ prezidenti Barak Obama Misir rəsmilərinə müraciət etmişdir.