İrlandiyada növbədənkənar parlament seçkilərinin vaxtı müəyyənləşib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İrlandiyada növbədənkənar parlament seçkiləri,əvvəlcədən nəzərdə tutulduğu kimi, cari ilin 11 martında yox, 25 fevralda keçiriləcəkdir. Fevralın 1-də İrlandiyanın baş naziri Brayan Kouen və ölkə prezidenti Meri Mak Elis parlamentin buraxılması haqda sənədi imzaladıqdan sonra bu haqda bəyanat vermişlər.
İlkin məlumata görə, B.Kouen seçkilərdə iştirak etməyəcəkdir. Onun siyasətdən gedəcəyini deyənlər də tapılmışdır. Əvvəllər o, "Fianna Fayl" partiyasının sədri postunu tərk etmək məcburiyyəti ilə üzləşmişdi. Baş nazir əvvəlki vida çıxışına nəzər salarkən, qeyri-qənaətbəxş qərar qəbul etdiyini etiraf etmiş, ancaq qeyd etmişdir ki, bunu İrlandiya iqtisadiyyatını xilas etmək naminə etmişdir.
İctimai rəy sorğularının nəticələrinə əsasən, on illər ərzində İrlandiya siyasətində lider mövqeyini qoruyub saxlamış "Fianna Fayl" partiyası öz populyarlığını kəskin tərzdə itirməkdədir. İrlandiyalılar ölkədəki ağır iqtisadi vəziyyətin bütün məsuliyyətini bu iqtidar partiyasının üzərinə yıxırlar. "Tne İrish İndependent" qəzetinin keçirdiyi rəy sorğusuna əsasən, İrlandiyanın "Fine Gel" müxalifət partiyası az da olsa əhalinin etimadını qazanmışdır. Hazırda bu partiyanı ölkə əhalisinin 30 %-i dəstəkləyir. 24% əhalinin etimadını qazanmış Leyboristlər Partiyası ikinci yeri, 16 % səs qazanmış "Fianna Fayl" isə üçüncü yeri tutur.
"Finne Gel" partiyasının lideri Enda Kenni baş nazir seçiləcəyi təqdirdə, İrlandiyanın Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan kredit almaq şəraitinə yenidən baxacağını bəyan etmişdir. Xatırladırıq ki, Yunanıstandan sonra İrlandiya avrozonanın ikinci ölkəsidir ki, müstəqil surətdə özünün borc öhdəliklərini yerinə yetirə bilmədiyini etiraf etmişdir. 2010-cu ilin noyabrında AB və BVF İrlandiyaya 85 milyard avro məbləğində kredit ayırmışdır. Ölkə rəhbərliyi büdcə defisitinin ixtisarı üçün dövlət xərclərini ixtisar etməyi və yeni vergi sistemi tətbiq etməyi qərara almışdır. Nəticədə, dövlət müəssisələrində işləyən əməkdaşların bir çoxunun ixtisarı və minimal əməkhaqqının həcminin azaldılması təhlükəsi yaranmışdır.