ABŞ diplomatları dünyanın müxtəlif yerlərindən Dövlət Departamentinin yığıncağına çağırılıblar
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton dünyanın 180-dən artıq ölkəsindən Amerika diplomatlarını Dövlət Departamentinin Vaşinqtonda keçiriləcək yığıncağına çağırmışdır.
Ehtimal edilir ki, diplomatların dövlət katibi ilə müşavirəsi uzun çəkəcək. H.Klinton ABŞ-ın dünyanın müxtəlif ölkələrində yerləşən 260 diplomatik nümayəndəlikdən-səfirliklər, konsulluqlar və eləcə də, Dövlət Departamentinin digər strukturlarının əməkdaşlarını Vaşinqtona çağırmışdır. Bu cür genişmiqyaslı diplomatik tədbir ABŞ-da ilk dəfədir ki, keçirilir.
Rəsmi məlumata görə, diplomatik forumda ABŞ-ın 2011-ci il üçün müəyyən etdiyi xarici siyasət məsələləri müzakirə ediləcək. Agentlik belə hesab edir ki, yığıncaqda başlıca müzakirə mövzusu Yaxın Şərqdəki gərginliklə bağlı olacaqdır. Başlıca diqqət Misirdəki qanun pozuntusuna yönəldiləcəkdir. Bəzi informasiya agentlikləri H.Klintonun ABŞ-ın Yaxın Şərq regionunda diplomatik fəaliyyət göstərən əməkdaşlarla birbaşa təmasda olub, məlumatı yaxın mənbədən almaq istəyi ilə bağlı olduğunu bildirirlər.
Misirdə xalq həyəcanları yanvarın 25-də başlanmışdır. Etiraz nümayişinə çıxanlar prezident Hüsnü Mübarəkin istefasını tələb etmişlər. Mitinqlər yavaş-yavaş polislə toqquşma həddinə çatmış və nümayişçilər talançılıqla məşğul olmuşlar. H.Mübarək istefaya çıxmaqdan və hökuməti buraxmaqdan imtina etmiş, başlıca postlara isə öz tərəfdaşlarını təyin etmişdir. Böyük Britaniya, Fransa və Almaniya dövlət başçıları Devid Kemeron, Nikolya Sarkozi və Angela Merkel H.Mübarəki mitinqçilərə münasibətdə zorakılıqdan əl çəkməyə və demokratik islahatlar keçirməyə çağırmışlar. ABŞ-ın dövlət katibi H.Klinton da eyni çağırışla çıxış etmişdir. Son məlumatlara görə, H.Mübarək nümayişçilərin tələblərini yerinə yetirməyə hazırlaşır.