PDF Oxu

Dünya

  • 893

Misirdə etiraz dalğası ölkənin içərilərinə yeriməkdədir

Misirdə etiraz dalğası ölkənin içərilərinə yeriməkdədir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misirdə prezident Hüsnü Mübarəkin istefası tələbi ilə çıxış edən polislə toqquşma nəticəsində ölənlərin sayı 7 nəfərə çatmışdır. Sina yarımadasının şimal hissəsində yerləşən Şeyx Züveyd şəhərində etiraz aksiyasında iştirak edən 22 yaşlı gənc öldürülmüşdür. Bununla da üç gün ərzində davam edən müxalifət və polis qarşıdurması nəticəsində 5 nümayişçi, 2 qanun keşikçisi həlak olmuşdur. Yaralananların sayı yüzü keçmişdir. Polis min nəfərə yaxın nümayişçini həbs etmişdir. Hökumət əleyhinə keçirilən genişmiqyaslı çıxışlar ölkənin içərilərinə doğru irəliləyərək, Süveyş və İsmailiyyə şəhəri də daxil olmaqla bir neçə iri şəhəri əhatə etmişdir. Süveyşdəki nümayişlərdə etiraz aksiyası iştirakçıları yanğın xidməti şöbəsini yandırmışlar. Polis kütlələr əleyhinə gözyaşardıcı qaz, rezin güllə və böyük təzyiq altında su çiləyən nəqliyyat vasitələrindən istifadə etmişdir. Yanvarın 27-dən sonra Qahirədə vəziyyət nisbətən sakit məcraya düşmüşdür. "Röyters" agentliyinin məlumatına görə, MAQATE-nin keçmiş başçısı Məhəmməd əl-Baradeyi Misirə gəlmişdir. Agentlik bu şəxsin Misir inqilabının potensial lideri oduğunu bəyan edir. Son vaxtlar Avropada yaşamağa üstünlük verən əl-Baradeyinin "Mübarəkin istirahət etmə vaxtıdır" dediyi haqda məlumat verilmişdir. 68 yaşlı Nobel mükafatı laureatı olan Qahirə sakini əl-Baradeyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınmaqdadır. Artıq o, iqtidarda olan prezidentə qarşı dinc nümayişlərdə iştirak etməyə razılıq vermişdir.

Digər xəbərlər