PDF Oxu

Dünya

  • 877

Tunisdə müvəqqəti koalisiya hökuməti formalaşıb

Tunisdə müvəqqəti koalisiya hökuməti formalaşıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 17-də Tunisdə baş nazir Məhəmməd Qannuçinin başçılıq etdiyi müvəqqəti koalisiya hökuməti yaradılmışdır. Yeni təşkil edilmiş Nazirlər Kabineti siyasi məhbusların hamısının azad edilməsi, kütləvi informasiya vasitələrinə sərbəstlik verilməsi və ölkənin başlıca hüquq-müdafiə təşkilatı olan İnsan Hüquqları üzrə Tunis Liqası üzərindən qadağanın götürülməsi haqda bəyanat vermişdir. Müvəqqəti hökumətin gördüyü nəzərəçarpacaq işlərdən biri də növbədənkənar seçkilərin keçirilməsi haqda sərəncam verməsidir. Tunis qanunçuluğuna əsasən, ölkə prezidenti və parlamentin tərkibi yaxın iki ay ərzində müəyyən edilməlidir. Ölkə müxalifətçiləri isə belə hesab edirlər ki, nəzərdə tutulan qısa vaxt ərzində əsil demokratik səsverməni təşkil etmək qeyri-mümkündür. ABŞ və Avropa Birliyi Tunisə qısa vaxt ərzində demokratik seçkiləri təşkilinə yardım etməyə hazır olduğunu bildirmişdir. Müvəqqəti Nazirlər Kabinetinin təşkili M.Qannuçinin Tunsin müxtəlif siyasi partiya nümayəndələri ilə məsləhətləşməsindən sonra baş tutmuşdur. Yeni Nazirlər Kabinetinin tərkibinə, keçmiş baş nazir M.Qannuçi başda olmaqla, 6 keçmiş nazir və 3 müxalifət nümayəndəsi daxil edilmişdir. "Frans Press" qeyd edir ki, yeni Nazirlər Kabinetinin tərkibinə devrilmiş prezident Zin əl-Abidin Ben Əlinin başçılıq etdiyi Konstitusiyalı Demokratik Birlik üzvləri daxil edilməmişdir. Paytaxta toplaşmış minlərlə adam bu partiyanı buraxmağa çağırmışdır. Fransada mühacir həyatı keçirən Tunis müxalifətinin nümayəndəsi Münsif Marzuki yeni Nazirlər Kabinetini "məzhəkə" adlandırmışdır. Onun dediyinə görə, dəyişikliklər haqda gedən danışıqlara baxmayaraq, başlıca postların əksəriyyətini keçmiş prezidentin tərəfdarları tutmuşdur. Ölkədə mövcud olan işsizlik, sosial problemlər və tələbat mallarının yüksək qiymətləri sayəsində yaranmış və bir neçə həftə davam edən xalq hərəkatı nəticəsində keçmiş Tunis prezidenti Zin əl-Abidin Ben Əli yanvarın 14-də ölkə hüdudlarını tərk edərək, xaricə qaçmışdır. Nümayişçilərin polis və ordu qüvvələri ilə toqquşması nəticəsində 78 nəfər həlak olmuşdur.

Digər xəbərlər