PDF Oxu

Dünya

  • 658

Pentaqon xərcləri azaltmağa razılıq verib

Pentaqon xərcləri azaltmağa razılıq verib
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyi hərbi büdcəni 78 milyard dollar məbləğində ixtisar etməyə razılıq vermişdir. Bu barədə yanvarın 6-da Pentaqon başçısı Robert Geyts məlumat yaymışdır.
Xərclərin azaldılması 5 il ərzində gerçəkləşdiriləcəkdir. Ancaq yaxın illər ərzində Pentaqonun büdcəsi artmaqda davam edəcəkdir. Məsələn, 2012-ci ildə ABŞ-ın hərbi büdcəsi 553 milyard dollar səviyyəsində olacaqdır. Xarici hərbi əməliyyatların maliyyələşdirilməsi bu rəqəmə daxil deyil. Bu məbləğ hazırkı xərclərdən 3 % artıqdır. Gələcəkdə artım həddi yavaşıyacaq, 2015 və 2016-cı illərdə isə müdafiə büdcəsinin həcmi dəyişməz qalacaqdır.
Bu cür ixtisarlara nail olmaq üçün Pentaqon administrativ xərclərin məbləğini azaltmağı planlaşdırır. "BBC Nyus"un məlumatına görə, buna nail olmaq üçün 100-dən çox general və 200-dən artıq mülki vəzifələr ləğv ediləcək. R.Geyts belə hesab edir ki, bu yolla nazirlikdə baş alıb getməkdə olan bürokratik əngəlləri aradan qaldırmaq mümkün olacaqdır.
İxtisarlar həm də özünü doğrultmayan bir neçə müdafiə proqramına da şamil olunacaqdır. Bu məqsədlə bəzi hərbi texnika istifadədən götürüləcəkdir. Bu sıraya dənizçi piyadalar korpusuna məxsus "EFV" ekspedisiya xarakterli hərbi maşınlar, "Lockheed Martin F-35 Lightning II" qırıcı təyyarələri daxildir.
Xatırladırıq ki, Pentaqonun hərbi xərclərin ixtisarı haqqındakı təklifini Konqres qəbul etməlidir. Mütəxəssislər belə ehtimal edirlər ki, R.Geytsin bu təklifini qanunvericilərin əksəriyyəti bəyənməyəcəkdir. Çünki bir sıra müdafiə proqramı bu və ya digər ştatların təmsilçiləri olan konqressmenlərin xoşuna gəlməyəcək və bütövlükdə ölkə iqtisadiyyatına mənfi təsir edəcəkdir.
Xatırladırıq ki, ABŞ-ın 2010-cu il üçün müdafiə büdcəsinə ayrılan məbləğ 636 milyard dollar məbləğində olmuşdur. 2011-ci ilin hərbi büdcəsi 678 milyard dollar məbləğində müəyyənləşdirilsə də, konqressmenlər bu məbləği 667,7 milyard dollar həddinədək endirmişlər.

Digər xəbərlər