Obamanın mətbuat katibi tezliklə istefa verəcəyini açıqladı
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezienti Barak Obamanın mətbuat katibi Robert Gibbs rəsmi surətdə istefaya çıxacağı haqda bəyanat vermişdir. R.Gibbsin dediyinə görə, bundan sonra o, 2012-ci il prezident seçkiləri ərəfəsində B.Obamanın ştatdankənar müşaviri vəzifəsini daşıyacaqdır. R.Gibbs məhz nə vaxt istefaya çıxacağını bildirməmişdir. "Röyters", adının çəkilməsini istəməyən ABŞ prezident administrasiyası əməkdaşına əsaslanaraq, məlumat verir ki, R.Gibbs öz istefasını fevralın əvvəllərində gerçəkləşdirəcəkdir. Dünya mətbuatı B.Obamanın mətbuat katibinin istefaya çıxacağı haqda xəbəri dekabrın 5-dən yaymağa başlamışdır.
R.Gibbs Ağ Evdə mətbuat katibi vəzifəsini, B.Obama ABŞ prezidenti postunu tutduqdan sonra icra etməyə başlamışdı. Bundan əvvəl, o, B.Obamanın seçki kampaniyasına başçılıq etmişdi. 2003-cü ildə isə Demokratlar Partiyasının prezidentliyə namizədi Con Kerri ilə işləmişdir.
R.Gibbsdən başqa, B.Obama komandasının bir neçə yüksək vəzifəli məmuru da öz vəzifə postlarını tərk edə bilər. "Röyters"in məlumatına görə, yanvarın axırlarında prezidentin baş müşaviri Devid Akselrod da istefaya çıxa bilər. Çünki o, növbəti prezident seçkiləri ərəfəsində, Çikaqoda B.Obamanının seçkiönü kampaniyasının təşkili ilə məşğul olacaqdır. Bundan başqa, B.Obama Ağ Ev administrasiyası başçısı Pit Rauzu da istefaya göndərə bilər. Onun yerini bir vaxt ABŞ-ın ticarət naziri işləmiş Uilyam Deyli tuta bilər.