PDF Oxu

Dünya

  • 859

Almaniya 2011-ci ildən öz ordusunu Əfqanıstandan çıxarmağa başlayacaq

Almaniya 2011-ci ildən öz ordusunu Əfqanıstandan çıxarmağa başlayacaq
"DW-WORLD" nəşrinin məlumatına görə, Almaniya ordusu Əfqanıstandan 2011-ci ilin axırlarından etibarən çıxarılmağa başlayacaqdır. Bu bəyanatı dekabrın 16-da ölkənin xarici işlər naziri Gido Vestervelle Bundestaq deputatları qarşısındakı rəsmi çıxışında vermişdir. 2014-cü ilə qədər Əfqanıstandakı Qərb koalisiya qüvvələri təhlükəsizliyin təminatını tamamilə ölkə ordusu və polisinə həvalə edəcəklər. G.Vestervelle xüsusi qeyd etmişdir ki, AFR Əfqanıstanda öz təhlükəsizliyini müdafiə edir. "Məhz buna görə də, bu missiya düzgün hesab edilir. Bu, o qədər doğrudur ki, əbədi olaraq davam etdirilə bilməz" deyə alman naziri bildirmişdir. G.Vestervelle hazırda Əfqanıstanda vəziyyətin mürəkkəb olaraq qaldığını bildirmişdir. Onun dediyinə görə, Əfqanıstan iqtisadiyyatı və ibtidai qız məktəblərinin yenidən təşkilində müəyyən çətinliklər qalmaqdadır. O, alman təlimatçılarının 300 min nəfərdən çox Əfqanıstan polisi hazırlamasını xüsusi qeyd etmişdir. 2010-cu ildə Almaniya Əfqanıstandakı hərbi qulluqçularının sayını 500 nəfər artıraraq, 5000-ə çatdırmışdır. 350 alman hərbi qulluqçusu isə operativ rezerv dəstəsini təşkil edir. AFR yazda Kunduza iki ədəd özüyeriyən "PzH-2000" qaubisası göndərmişdir ki, bu qurğu uzaq məsafədən hədəfi vurmağa qadirdir. Bu qurğu almanların Çahardərədəki patrullarını qorumaq məqsədi daşıyır. Xatırladırıq ki, Əfqanıstanın şimalında yerləşən bu ərazidə taliblər möhkəm mövqe tutmuşlar. Bu ilin dekabrında Berlin, 2007-ci ilin aprelində Məzari-Şərif aeroportunda dislokasiya edilmiş və 51-ci "İmmelman" eskadriliyasına məxsus 6 ədəd "Tornado" kəşfiyyat təyyarələrini ölkəyə qaytarmışdır. Həmin "Tornado"lar NATO-nun operativ ehtiyatında saxlanılacaq və lazım olacağı təqdirdə, yenidən Əfqanıstana qaytarılacaqdır.

Digər xəbərlər