Barak Obama və Sara Peylin ümumi əcdadlara malikdir
"Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, ABŞ prezidenti Barak Obama və Alyaska ştatının keçmiş qubernatoru Sara Peylin ümumi əcdadlara malikdir. Bu, "Ancestru.com" saytı üzərində işləyən mütəxəssislərin ümumi rəyidir. Genealoji sayt üzrə ekspertlərin fikrincə, B.Obama və S.Peylinin 17-ci əsrdə Massaçusets koloniyasında yaşamış pastor Con Smit adlı ümumi əcdadları olmuşdur.
Bu rəyə görə, B.Obama və S.Peylin, uzaq da olsa, bir- birinə əmioğlu- xalaqızı düşür. Con Smit isə hər iki siyasətçinin ana xətti ilə qohumudur. B.Obama və S.Peylinin daha bir qohumu keçmiş ABŞ prezidenti kiçik Corc Buşdur. Hər üçünün ümumi əcdadı bayaq adını çəkdiyimiz Con Smitin qayınatası olan Semyuel Xinkli olmuşdur.
Agentliyin qeydinə görə, "Ancestru.com" saytı üzərində işləyən mütəxəssis nəsli şəcərəsi ilə maraqlanan hər bir kəsin tələblərini yerinə yetirməklə məşğuldur. Ekspertlər B.Obama və S.Peylindən başqa, siyasətçi Nensi Pilozi, eləcə də, populyar analitik teleproqram aparıcıları Qlenn Bek, Şon Xanniti və Raş Limbonun da genealoji kökünü müəyyənləşdirməyə nail olmuşdular. Yeri gəlmişkən, genealoji saytın məlumatına görə, Raş Limbo da B.Obamanın qohumu sayılır.
Belə məlum olmuşdur ki, B.Obama milyarder Uorren Baffet və aktyor Bred Pittlə də qohumluq əlaqələrinə malikdir. S.Peylin isə, öz növbəsində, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt və İngiltərə şahzadəsi Diananın qohumu olması ilə öyünə bilər.