PDF Oxu

Dünya

  • 706

Filippin prezidenti üsyançıları əfv edib

Filippin prezidenti üsyançıları əfv edib
"The Philippine Daily İnquirer" nəşrinin yazdığına görə, Filippin prezidenti Beninyo Akino 2003 və 2006-cı illərin üsyanlarında iştirak etmiş əsgər və zabitlərin əfv edilməsi haqda sərəncam imzalamışdır. Prezident qeyd etmişdir ki, bu sənəd parlamentin hər iki palatasında təsdiq ediləcəyinə görə, onu baxılmaq üçün deputatlara və senatorlara ünvanlamışdır. B.Akino belə bir informasiyanı təsdiq etmişdir ki, 2003-cü ildə üsyançılara liderlik etmiş senator Antonino Trillanes, həqiqətən də, amnistiyaya düşmüşdür. 2008-ci ildə Filippinin əvvəlki prezidenti Qloriya Arroyo da üsyançıların 9 nəfərini əfv etmişdir ki, onlar sonradan öz siyasi karyeralarını qurmağa müvəffəq olmuşdular. 2003-cü ildə 300 nəfərədək əsgər və zabit ölkə paytaxtı Manilanın mərkəzində yerləşən bir neçə dövlət binasını ələ keçirmiş və Qloriya Arroyonun istefasını tələb etmişdilər. Tezliklə üsyan yatırılmış və onun iştirakçıları müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdilər. 2006-cı ildə Filippində daha bir üsyana cəhd uğursuzluqla nəticələnmişdir. O vaxt ordu və polis üsyançıları dəstələməkdən imtina etmişdir.

Digər xəbərlər