PDF Oxu

Dünya

  • 918

ABŞ İranın yüksək vəzifəli məmurları üzərinə sanksiya tətbiq edib

ABŞ İranın yüksək vəzifəli məmurları üzərinə sanksiya tətbiq edib
"CNN" telekanalının məlumatına görə, sentyabrın 29-da ABŞ-ın dövlət katibi Hillari Klinton və maliyyə naziri Timoti Geynter səkkiz yüksək vəzifəli İran məmuru üzərinə sanksiya qoyulduğunu bəyan etmişdir. Həmin şəxslər İranda insan hüquqlarının pozulmasında və ölkə müxalifətçilərinə qarşı repressiyalar tətbiq etməkdə ittiham edilirlər. Sanksiyalar həmin məmurların Amerika bank aktivlərinin dondurulmasını nəzərdə tutur və onların ABŞ-a viza almalarını məhdudlaşdırır. Bundan başqa, ABŞ vətəndaşlarına həmin şəxslərlə biznes əlaqələri qurmağı qadağan edir.
İslam İnqilabı Keşikçiləri Korpusunun başçısı Məhəmməd Əli Cəfəri, onun kəşfiyyat məsələləri üzrə müavini Hüseyn Taeb, sosial təminat və təhlükəsizlik naziri Sadiq Məsuli, daxili işlər naziri Mustafa Məhəmməd Nəccar, ölkənin baş prokuroru Qulam Hüseyn Möhseni-Ecey, Tehranın keçmiş prokuroru Səid Mortozavi, İran polis rəhbərliyi müavini Əhməd Reza Radan və kəşfiyyat başçısı Heydər Möslehinin adları bu siyahıya daxil edilmişdir. H.Klintonun dediyinə görə, İran vətəndaşları, məhz bu adamların rəhbərliyi altında döyülmüş, işgəncələrə məruz qalmış, zorlanmış, şantaj edilmiş və öldürülmüşlər.
"Frans Press"in məlumatına görə, İranda keçirilmiş 2009-cu il prezident seçkilərindən sonra ölkə müxalifətinin fəaliyyəti təzyiqə məruz qalmışdır. H.Klinton İran məmurlarının insan hüquqlarını pozmaları nəticəsində ilk dəfə sanksiya hədəfinə çevrildiklərini bildirmişdir.
ABŞ prezidenti Barak Obama 2010-cu ilin iyulunda İran əleyhinə yeni iqtisadi sanksiyalar tətbiq edilməsi haqda sərəncam imzalamışdır. Məqsəd İran hökumətini nüvə proqramından çəkindirməkdir.

Digər xəbərlər