PDF Oxu

Dünya

  • 761

ABŞ və İranın məxfi danışıqları üzə çıxıb

ABŞ və İranın məxfi danışıqları üzə çıxıb
Sentyabrın 23-də "Haaretz" qəzetinin yazdığına görə, ABŞ və İran qeyri-rəsmi diplomatik münasibətlərin bərpa olunması istiqamətində məxfi danışıqlara başlamışdır. Danışıqlarda hər iki tərəfin yüksək vəzifəli nümayəndələri iştirak etmişdi. Danışıqlar Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilmişdir. Ölkələr arasında müqavilələrin bağlanması təşəbbüsünü ABŞ tərəf irəli sürmüşdür. Danışıqlar zamanı İran tərəf növbəti dəfə ABŞ rəsmilərindən casusluqda şübhəli bilinərək, bir il İran həbsxanasında qalmış Amerika turisti Sara Şurdun azadlığa buraxılması faktının "mükafatlandırılmasını" tələb etmişdir.
Qəzet yazır ki, İran tərəfdən danışıqlarda ötən həftə BMT Baş Assambleyasının yığıncağında iştirak etmək üçün Nyu-Yorka gələn İran prezidenti Mahmud Əhmədinejadın yaxın ətrafı iştirak etmişdir. Ötən cümə günü M.Əhmədinejad azadlığa buraxılmış S.Şurdun müqavilində ABŞ həbsxanalarında saxlanılan bir neçə iranlı məhbusun azad edilməsini mümkün hesab etdiyini bəyan etmişdir.
İranla ABŞ münasibətlərinə toxunan Barak Obama ölkələr arasında baş vermiş mürəkkəb vəziyyəti diplomatik metodlar vasitəsilə həll etməyin vacibliyini vurğulamışdır. Vaşinqton İranın nüvə proqramı haqda məsələnin dinc yolla həllinə tərəfdar olduğunu bildirir. Beynəlxalq ictimaiyyət İranın nüvə proqramının başlıca məqsədinin nüvə istehsalının yaradılması olduğunu zənn edir. Tehran isə proqramın, istisnasız olaraq, dinc xarakter daşıdığını bəyan edir.
ABŞ və İran arasında diplomatik münasibətlər 1979-cu ildə islam inqilabından sonra bir qrup iranlı tələbənin Tehran səfirliyində olan 66 ABŞ vətəndaşını ələ keçirdikdən və 444 gün saxladıqdan sonra dayandırılmışdır. O vaxtdan etibarən, bu ölkələr arasında rəsmi münasibətlər İsveçrə nümayəndəliyinin vasitəçiliyi ilə gerçəkləşdirilir.

Digər xəbərlər