Jak Şirakın məhkəməsi 2011-ci ildə başlayacaq
"Frans Press" informasiya agentliyinin keçmiş Fransa prezidenti Jak Şirakın vəkili Jan Veylə əsaslanaraq, yaydığı məlumata görə, dövlət vəsaitini sərf etməkdə ittiham edilən keçmiş ölkə prezidentinin məhkəməsi 2011-ci ilin yanvar-fevral aylarında keçiriləcəkdir.
Bir müddət əvvəl, məhkəmə dinləmələrinin cari ilin noyabrında başlanacağı planlaşdırılırdı. Ancaq vəkilin dediyinə görə, hazırda Nanter şəhər məhkəməsi Jak Şirakın başlıca fiqurant olduğu digər məhkəmə dinləmələri başa çatmadığından, keçmiş Fransa prezidentinin məhkəməsinin gələn ilə keçiriləcəyi gözlənilir.
77 yaşlı siyasətçi 1992-1995-ci illərdə Paris şəhərinin meri işləyərkən saxta müqavilələrlə pul ödəncləri etməkdə ittiham edilir. Bu işlə əlaqədar 21 epizod sadalanır. İstintaqın qənaətinə görə, Jak Şirak reallıqda mövcud olmayan işlərə görə ətrafındakılara pul köçürmələri etmişdir. 21 epizoddan əlavə, daha 9 ittiham üzrə saxta ödənişlər etdiyinə görə, məhkəmə dinləmələrinin keçiriləcəyi gözlənilir.
"Dailu Teleqraf" qəzetinin yazdığına görə, Jak Şirak saxta müqavilələr əsasında 2,2 milyon avro məbləğində bank köçürmələri etmişdir. Parisin hazırkı meri Bertran Delanoe Jak Şirakın nəzərdə tutulan məbləği ödəyəcəyi təqdirdə, məhkəmə iddiasını geri götürməyə hazır olduğunu bildirmişdir. İqtidarda olan "Milli Hərəkat Uğrunda İttifaq" partiyası Jak Şirakın borclarının böyük əksəriyyətini ödəməyə hazır olduğunu bildirmişdir. Ancaq qalan 550 min avronu ödəmək keçmiş prezidentin öhdəsinə düşür. Qəzet yazır ki, Jak Şirak, hətta bütün məbləği ödəyəcəyi təqdirdə də, yenə də ədalət məhkəməsi qarşısında cavab verməli olacaqdır.
Jak Şiraka münasibətdə məhkəmə təhqiqatı, o, toxunulmazlıq huququndan məhrum edildikdən sonra, 2007-ci ildə aparılmağa başlamışdır. Jak Şirak Fransa tarixində ilk dəfə olaraq ədalət məhkəməsi önündə cavab verən prezident kimi tarixə düşəcəkdir.