PDF Oxu

Dünya

  • 916

Berdiməhəmmədov alimlərə türkmənlərin keçmişinə baxmağı məsləhət görüb

Berdiməhəmmədov alimlərə türkmənlərin keçmişinə baxmağı məsləhət görüb
"Türkmənistan.Ru"nun məlumatına görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov alimlərə və mədəniyyət xadimlərinə Türkmənistan tarixinin tədqiqinə xüsusi diqqət ayırmağı tapşırmışdır. O bu tapşırığını tarix elminin inkişafına həsr edilmiş dövlət yığıncağında vermişdir. "Etibarlı tarixi məlumatlara əsaslanaraq, Türkmənistanın keçmişinə şəhadət verən hər bir sənədə tarix, arxeologiya və digər elmi müəssisələrin dəstəyi ilə yenidən əsaslı surətdə baxmaq və yeni mütəxəssislər cəlb etmək lazımdır" deyə Q.Berdiməhəmmədov bildirmişdir. Türkmənistan prezidenti ölkə tarixi haqda yeni dərsliklərin yeni faktlar əsasında işlənib-hazırlanmasının vacibliyini bildirmişdir. O, bu zaman mütəxəssislərin diqqətinin başlıca predmetinin "türkmən xalqının əmələ gəlməsinin əsaslı elmi nəzəriyyəsi" əsasında formalaşması olduğunu vurğulamışdır. Xatırladırıq ki, əvvəlki prezident Saparmurat Niyazov türkmən xalqının rəsmi tarixi konsepsiyasının onun yazmış olduğu "Ruhnamə" kitabında cəmləşdiyini bildirirdi. Orada təsdiq edilirdi ki, ilk metalı türkmənlər əritməyə nail olmuş və elə bir araba düzəltmişlər ki, onun vasitəsilə "türkmən təkəri tarixin gedişini dəyişmişdir". Q.Berdiməhəmmədov isə dövlətin yeni ideoloji bazaya ehtiyacı olduğunu bildirmişdir. Onun fikrincə, bu baza tarix mütəxəssislərinin iştirakı ilə hazırlanmalıdır. Q.Berdiməhəmmədov ideologiyanın "Yeni İntibah dövrü" ilə uyğunluq təşkil etdiyini vacib hesab etdiyini bildirmişdir. Xatırladırıq ki, bu dövr deməklə, o, özünün Türkmənistanda hakimiyyətə gəldiyi vaxtı nəzərdə tutur. S.Niyazov prezident olduğu dövrü Türkmənistan tarixinin "qızıl əsri" adlandırırdı.

Digər xəbərlər