London metrostansiyasının işçiləri tətil elan edib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 7-də London metrostansiyasının əməkdaşlarının tətili başlanmışdır. Londonun 11 yeraltı metro xəttinin yalnız biri normal iş rejimindədir. Tətil sentyabrın 6-da yerli vaxtla saat 17-də başlanmışdır və bir sutka ərzində davam edəcəyi gözlənilir.
Metrostansiya əməkdaşlarının narazılığı hakimiyyət dairələrinin metrostansiyada 800 iş yerini ixtisara salmaları olmuşdur. Agentlik məlumat verir ki, ixtisarlar yalnız metro kassalarında bilet satan əməkdaşlara şamil edilir. Ancaq buna baxmayaraq, tətildə metrostansiyanın maşinistləri, siqnalçıları, xidmət personalı və stansiyalararası işçiləri iştirak edirlər. "Bloomberq"in məlumatına görə, etiraz aksiyasında 10 min nəfərə yaxın metro əməkdaşı iştirak edir.
Şəhərin hakimiyyət dairələri vətəndaşlara müraciət etmişlər ki, tətil vaxtlarında yerüstü nəqliyyat növlərindən istifadə etsinlər. Bu məqsədlə London küçələrinə əlavə 100 marşrut avtobusu çıxarılmışdır. Şahidlərin dediklərinə görə, lodonluların böyük əksəriyyəti taksidə, velosipeddə hərəkət etməyə üstünlük verir və ya mənzil başına piyada gedirlər. "Bloomberq"in məlumatına görə, son 8 ildə metrostaniya əməkdaşları dördüncü dəfədir ki, tətilə çıxıblar. Həmkarlar ittifaqları növbəti etiraz aksiyasını oktyabrın 3-nə, noyabrın 2-nə və 28-nə təyin etmişlər. Hakimiyyət dairələrinin hesablamalarına görə, hər bir tətil günü London üçün 48 milyon funta başa gəlir.