PDF Oxu

Dünya

  • 11

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar. Danışıqlar sentyabrın 2-də günorta radələrində ABŞ-ın dövlət katibi Hillari Klintonun kabinetində başlamışdır. ABŞ prezidenti Barak Obamanın dediyinə görə, B.Netaniyaqu və M.Abbas arasında aparılan dialoq konstruktiv xarakterdə olmuşdur. Hər iki ölkə lideri bu qərara gəlmişlər ki, sentyabrın 14-15-də danışıqları davam etdirsinlər. Onlar bu cür danışıqların iki həftədən bir, sistematik olaraq, keçirilməsi haqda da razılığa gəlmişlər. Danışıqların təfərrüatı açıqlanmır. İsrail və Fələstin arasında sülh danışıqları 2008-ci ilin axırlarında dayandırılmışdı. Tərəflər arasındakı prinsipial rəy müxtəlifliyi bu danışıqların bərpasına maneçilik törədirdi. Fələstin hökuməti İordan çayının Qərb sahilində və Şərqi Yerusəlimdə İsrail yaşayış məntəqələrinin tikintisinin dayandırılmasını gözləyir, İsrail tərəfi isə güzəştə getməkdən imtina edirdi. B.Netaniyaqu və M.Abbas arasında sülh danışıqlarının bərpa edilməsi radikal əhval-ruhiyyəli İsrail və Fələstin qüvvələrinin kəskin narazılığı ilə üzləşmişdir. "Röyter"in məlumatına görə, 13 Fələstin qruplaşması İsrailə yeni hücumlar hazırlamaq üçün qüvvələrini bir yerə cəmləmişlər. Qəzza bölgəsini öz nəzarətləri altında saxlayan "HƏMAS" radikal hərəkatı nümayəndələri danışıqların bu qaydada aparılmasının əleyhinə çıxırlar. Onlar digər Fələstin qruplaşmaları ilə birlikdə İsrail ərazisinə "daha effektli hücumlar" hazırlayacaqlarını bəyan etmişlər. Raket zərbələri ilə yanaşı, onlar İsrail ərazisində terror aktları da törədəcəklərini istisna etməmişlər. "Mümkün variantların hamısından istifadə olunacaqdır" deyə "HƏMAS" nümayəndələri bildirmişlər.

Digər xəbərlər