PDF Oxu

Dünya

  • 8

Çində sürüşmə, ABŞ-da qasırğa baş verib

Çində sürüşmə, ABŞ-da qasırğa baş verib
"Sinxua" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin Yunnan əyalətində baş vermiş sürüşmə nəticəsində ən azı 71 nəfər torpaq altında qalmışdır. Son məlumatlara görə, onlardan 3 nəfəri həlak olmuş, 57 nəfəri isə itkin düşmüşdür. 11 nəfəri xilas etmək mümkün olmuşdur. Sürüşmə sentyabrın 1-də Lunyan bölgəsinin 82 nəfər əhalisi olan Vama kəndi yaxınlığında baş vermişdir. Hadisə yerinə 160 nəfər hərbçi göndərilmişdir. Hərbçilərlə gələn geoloqlar sürüşmənin nəticələrini müəyyənləşdirməyə cəhd edirlər. Vama kəndi sərt dağ aşırımlarında yerləşir. Yaxınlıqda çaylar axdığından, bu ərazidə cüzi yağışlar yağan kimi sürüşmə baş verir. "Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, "Erl" qasırğasının yaxınlaşması ilə əlaqədar ABŞ-ın Şimali Karolina ştatının sahilyanı ərazilərində yaşayan əhalinin evakuasiya ediləcəyi haqda məlumat verilmişdir. İndiyədək Xatteras və Okrakok kurort adalarının 5 min əhalisi və 30 min nəfərə yaxın turist evakuasiya edilə bilər. Hakimiyyət dairələri digər ərazilərdə əhalinin sahil sularına yaxınlaşmamasını məsləhət görmüşdür. "Erl" qasırğasına dördüncü kateqoriya verilmişdir. Ərazilərdəki hərbi hissələr hazırlıq vəziyyətinə gətirilmişdir. Qasırğa xəbərdarlığı Virciniya və Nyu-Yorkdakı Lonq-Alend düşərgələrində elan edilmişdir. "Frans Press"in məlumatına görə, "Erl" qasırğasının ABŞ sahillərinin 50 kilometrliyindən yan keçəcəyi gözlənilir. Ancaq təbii fəlakətin ABŞ sahillərini öz ağuşuna alacağı da istisna edilmir. Sentyabrın 2-də səhər saat 7-də olan məlumata görə, hazırda "Erl" qasırğası Şimali Karolina sahillərindən 800 kilometr kənarda yerləşir.

Digər xəbərlər