PDF Oxu

Dünya

  • 8

İraqda terror aktı nəticəsində 46 nəfər həlak olub

İraqda terror aktı nəticəsində 46 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yazdığına görə, avqustun 25-də İraqın müxtəlif bölgələrində içərisinə mina bərkidilmiş avtomobillərin partladılması nəticəsində 46 nəfər həlak olmuşdur. Onların arasında qadınlar və uşaqlar da vardır.
Partlayışlar seriyası həmin gün səhər saat 8-ə yaxın Bağdadda başlanmış, daha sonra isə ölkənin şimal və cənub bölgələrinə yayılmışdır. Terror aktları nəticəsində İraqın 7 şəhəri zərər çəkmişdir. Avqustun 24-də ABŞ-ın ordu komandanlığı İraqda 50 mindən az Amerika hərbi qulluqçusunun qaldığını bəyan etdiyi günün səhəri ölkə ərazisini terror dalğası bürümüşdür.
Ən güclü terror aktı İraq paytaxtının 160 kilometrliyində yerləşən Kut şəhərinin polis məntəqəsində baş vermişdir. Yerli polisin məlumatına görə, partlayış nəticəsində 20 nəfər həlak olmuşdur. Onların 15 nəfəri polis əməkdaşları idi. 90 nəfər isə bədən xəsarəti almışdır. Bağdad yaxınlığında içərisində oturduğu avtomobili partladan kamikadze 15 nəfərin ölümünə, onlarla adamın isə yaralanmasına səbəb olmuşdur.
ABŞ prezidenti Barak Obamanın planına əsasən, Amerika qoşunlarının İraqdan çıxarılmasının son müddəti kimi 2011-ci il nəzərdə tutulur. Hazırda İraqda 50 min nəfərə yaxın ABŞ hərbi qulluqçusu qalmışdır və onlar qeyri-döyüş hissələridir. Onların başlıca vəzifələri İraq ordusunun təlimi ilə məşğul olmaq və Amerika diplomatlarını mühafizə etməkdir.
ABŞ-ın İraqdakı hərbi əməliyyatı 2003-cü ilin martında başlanmış, həmin ilin mayında başa çatmışdır. Buna baxmayaraq, ABŞ ordusu İraq ərazisində qalıb, mütəmadi olaraq, "Əl-Kaidə" silahlılarının hücumuna məruz qalmışdır. 7 il ərzində İraqda dislokasiya olunmuş Amerika ordusu 4,5 min nəfər hərbi qulluqçu itirmişdir.

Digər xəbərlər