PDF Oxu

Dünya

  • 9

Fransada qaraçıların deportasiyası başlanıb

Fransada qaraçıların deportasiyası başlanıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 19-da Fransada  qaraçıların Rumıniya və Bolqarıstana deportasiyası başlanmışdır. İlk təyyarə Buxarestə yola düşmüşdür. Onun ardınca ikinci təyyarə qaraçıları xaricə aparmışdır. Gün ərzində 93 nəfərin deportasiya edilməsi nəzərdə tutulmuşdur. Avqustun axırlarınadək Fransadan Rumıniyaya 292 qaraçı deportasiya ediləcəkdir. Fransa hökuməti bütövlükdə 700 nəfərə yaxın qaraçını ölkədən çıxarmaq fikrindədir.F
Fransız məmurlarının dediklərinə görə qaraçıların köçürülmələri könüllülük prinsipinə əsaslanır. Deportasiya edilən hər yaşlı şəxsə Fransa hökuməti 300 avro, hər uşaq üçün isə 100 avro ödəyir. Fransa hökuməti qaraçıların yaşadıqları qeyri-leqal yaşayış sahələrini məhv etdiyi üçün əhalini köçürmək məcburiyyəti ilə üzləşmişdir. İndiyədək 50-dən çox bu cür yaşayış sahəsi məhv edilmişdir. Növbəti aylarda 250-yədək yaşayış sahələrinin söküləcəyi gözlənilir.
Fransadan qeyri-qanuni yaşayış sahələrində məskunlaşmış qaçqınların ölkədən çıxarılması haqda ilk bəyanatı prezident Nikolya Sarkozi cari ilin iyul ayının axırlarında vermişdir. Köçürülməyə səbəb iyulun axırlarında Fransanın cənubunda qaraçıların polislə qarşıdurması olmuşdur.
Avropa hüquq müdafiəçiləri Fransa hökumətinin bu addımını "faşist metodu" kimi xarakterizə etmişdir. Bəziləri isə belə ehtimal edirlər ki, qaraçıları köçürməklə Fransa prezidenti ultrasağ seçicilərin rəğbətini qazanmaq istəyir. Rumıniyanın xarici işlər naziri Teodor Bakonski Fransada ksenofobiyanın artmasından narahatlığını ifadə etmişdir.
Hazırda Fransada Şərqi Avropadan (Rumıniya və Bolqarıstan) köçüb gəlmiş 15  min nəfərə yaxın qaraçı yaşayır. "Frans Press"in məlumatına görə, ötən il 10 min qaraçı  vətəninə yola salınsa da,  onların əksəriyyəti Fransaya qayıtmışdır.

Digər xəbərlər