PDF Oxu

Dünya

  • 6

Peru hinduları siyasi partiya yaradır

Peru hinduları siyasi partiya yaradır
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Peru hinduları 2011-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində özlərinin siyasi partiyalarını yaratmaq qərarını qəbul etmişlər. Agentlik məlumat verir ki, Perunun yerli xalq hərəkatı liderlərdən biri olan Alberto Pisanqo artıq partiyanın yaradılması üçün lazımi miqdarda imza toplamağa başladıqlarını bildirmişdir.
Yeni partiyanın qeydə alınması sentyabra planlaşdırılır. A.Pisanqo yeni partiyanın başlıca məqsədinin Perunun yerli xalqlarının hüquqlarını qorumaq və tropik meşələrin yerində neft istehsalına başlanmağın qarşısını almaq olduğunu bildirmişdir. Siyasətçi bu fikirdədir ki, onu yalnız yerli hindular yox, həm də ətraf mühitin qorunması məsələsinə biganə qalmayan digər Peru sakinləri də dəstəkləyəcəkdir.
A.Pisanqo ölkə prezidenti postuna namizədliyini irəli sürmək fikrindədir. Hazırda o, istintaq altındadır. Hindu liderini 2009-cu ilin iyununda nümayiş təşkil etməkdə ittiham edirlər. O vaxt təşkil edilmiş nümayiş zamanı polislə qarşıdurma yaranmışdı. Nəticədə, 34 nəfər həlak olmuşdu. Onların 14 nəfəri polis əməkdaşları idi. A.Pisanqo 2010-cu ilin mayında həbs edilsə də, bir müddət sonra zəmanətlə azadlığa buraxılmışdır.
Agentliyin qeydinə görə, Peruda hindular etnik azlıq təşkil etsələr də ölkənin siyasi həyatına kifayət dərəcədə çox təsir edirlər. "Frans Press"in məlumatına görə, rəsmi statistika üzrə Peruda 400 min hindu yaşayır. Peru əhalisinin sayı 28 milyon nəfərdir. A.Pisanqo isə təsdiq edir ki, hazırda Peruda milyon nəfərdən çox hindu yaşayır.

Digər xəbərlər