Moskva tüstü içərisindədir
"RİA-Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 6-da Moskvanın hava məkanında olan yanar qazın miqdarı tələb olunan normanı dörd dəfə ötüb keçmişdir. "Mosekomonitorinq" Dövlət Təbiəti Mühafizə İdarəsi bununla bağlı belə bir məlumat yaymışdır: "Hazırda Moskvada havanın yanar indiktorda maksimal çirklilik konsentrasiyası, yəni yanar qaz 3,6 faiz olmaqla tələb olunan normadan artıqdır. Havadakı faydasız maddələrin həddi 2,8 faiz həddindədir. Spesifik karbon-hidrogen birləşmələrinin miqdarı isə 1,5 faiz təşkil edir." İdarə ekoloqunun dediyinə görə, hazırda sağlamlıq üçün başlıca təhlükəni 10 mikron həddində olan hissəciklər təşkil edir. Həmin hissəciklər nəfəs borusunun dərinliyinə nüfuz edib, bir daha oradan bayıra çıxmır. Bu cür hissəciklərin insan orqanizmində toplanması sağlamlıq durumuna mənfi təsir göstərir. O, yaxın saatlarda moskvalıları bayıra çıxmamağa çağırır və suya salınmış səkkiz qat tənziflərdən istifadə etməyi məsləhət görür.
Havada qalın tüstü qatı olması səbəbindən "Domodedovo" və "Vnukovo" aeroportlarında 40-dək reysi qəbul etmək və 20-dək təyyarəni isə yola salmaq mümkün olmamışdır. Avqustun 6-da səhər saat 10 radələrində "Domodedovo"da görüntünün səviyyəsi 350, "Vnukovo"da isə 300 metrə bərabərdir. Bir neçə təyyarə Nijni Novoqorod, Sankt-Peterburq, Voronej, Kazan və Xarkov aeroportlarına istiqamətləndirilmişdir. "Şeremetyevo" aeroportunda isə görüntünün səviyyəsi 800 metr olduğu üçün aeroport adi iş rejimindədir.
Ötən sutka ərzində Moskva altında 42 torf yanğını baş vermişdir.