Barak Obama İraqda hərbi əməliyyatların başa çatdığını bəyan edib
"Vaşinqton Post" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama Corciya ştatının Atlanta şəhərində veteranlar önündə çıxışı zamanı demişdir ki, 2010-cu il avqust ayının axırlarında İraqda hərbi əməliyyatları dayandıracaq, Amerika qoşunlarının böyük hissəsini bu ölkə ərazisindən çıxarmağa başlayacağıq. Onun dediyinə görə, bu andan etibarən başlıca yük ABŞ əsgərlərindən ölkə diplomatlarına ötürüləcəkdir.
Hazırda İraqda 50 min ABŞ hərbi qulluqçusu fəaliyyət göstərir. Ancaq onlar İraq ərazisini tərk etməmişdən əvvəl, ilk növbədə, yerli hüquq-mühafizə orqanı əməkdaşlarına hərbi təlimləri və döyüş qaydalarını öyrətməli olacaqlar. Antiterror əməliyyatlar keçirən İraq ordusu hazırda ABŞ diplomatları tərəfindən dəstəklənməkdədir. "Biz etiraf etməliyik ki, İraqda Amerika qurbanları get-gedə artmaqdadır və bu prosesə nə vaxt son qoyulacağı məlum deyil. Ancaq başa düşməliyik ki, bu gündən etibarən hərbi əməliyyatlar öz yerini dinc diplomatik fəaliyyətlə əvəz etməlidir" deyə B.Obama bildirmişdir.
B.Obama ABŞ qoşunlarının 2003-cü ildə İraqa müdaxiləsinin qəti əleyhdarı olmuşdur. Bununla belə, o demişdir ki, dövlət İraqda hərbi xidmətdə olan hər bir hərbi qulluqçunu dəstəkləyəcəkdir. B.Obama müharibə veteranlarına ödənclərin verilməsinin sürətləndiriləcəyini, onların tibbi xidmətlərinin dairəsinin genişləndiriləcəyini və əlavə psixoloji dəstək veriləcəyini bildirmişdir.
B.Obama Əfqanıstanda da hərbi əməliyyatların keçirilməsi məsələsinə də toxunmuşdur. ABŞ prezidentinin dediyinə görə, bu ölkədə Amerika "ciddi çağırışlarla toqquşmuşdur." B.Obama koalisiya qüvvələrinin Əfqanıstanda böyük uğurlar əldə etdiyini qeyd etmişdir. Onun dediyinə görə, keçirilən quru əməliyyatlarında koalisiya qüvvələri böyük irəliləyiş əldə etmişdir və get-gedə qarşıya qoyulan məqsədə çatmaqdadırlar.
ABŞ və İraq hökumətinin razılaşmasına əsasən, Amerika qoşunları İraqdan 2011-ci ilin axırlarınadək çıxarılacaqdır.