Pentaqon İrana hücum hazırlığını etiraf edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ, ilk dəfə olaraq, İrana hücum planının olduğunu etiraf etmişdir. ABŞ Rəisləri Qərargahının Birləşmiş Komitəsinin başçısı, admiral Mayk Mallen, İranın nüvə proqramı məsələsində Qərblə konfrontasiyanı davam etdirəcəyi təqdirdə, Pentaqonun məsələni güc tətbiq etmək yolu ilə həll edəcəyini bildirmişdir.
"Prezidentin də məqbul hesab etdiyi müharibə üsulu mümkün variantlardan biri kimi qalmaqdadır. Ümid edirəm ki, biz bu variantı tətbiq etməyəcəyik. Ancaq bu cür variant var və o, diqqətlə araşdırılmışdır" deyə M.Mallen "NBC" telekanalına verdiyi müsahibədə bildirmişdir.
İrana hərbi qüvvənin tətbiq edilməsinə toxunan M.Mallen bu cür addımın Orta Şərqdə gözlənilməz nəticələrə aparıb çıxara biləcəyini bildirir. Ancaq admiral onu da qeyd edir ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin əleyhinə çıxır və bu niyyətindən dönmək istəmir. İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan müavini Yadulla Cavaninin dediyinə görə, bu yöndə Vaşinqtonun buraxacağı kiçik səhv regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Y.Cavani bu cür addımın atılacağı təqdirdə, İranın sərt cavab verəcəyini bildirmişdir.
Tehran dəfələrlə ABŞ və İsraili İranın ərazisinə təcavüz etməkdən çəkinməyə çağırmışdır. İran rəsmiləri bildirmişlər ki, ABŞ-ın İrana təcavüzünün başlayacağı təqdirdə, Tehran cavab olaraq Təl-Əvivi bombalayacaqdır. Bununla yanaşı, ABŞ və müttəfiqləri İranın nüvə proqramını dayandırması üçün ona təzyiq göstərir. ABŞ və Qərbdə belə hesab edirlər ki, Tehran dünya ictimaiyyətinin gözünə kül üfürərək, kütləvi qırğın silahı hazırlayır.