Almaniya Türkiyənin AB-yə daxil olmağa hazır olmadığını bildirib
"Welt" nəşrinin yazdığına görə, Almaniyanın Xarici İşlər Nazirliyinin vitse-kansleri Gido Vestervelle İstanbul səfəri zamanı belə bir bəyanat vermişdir ki, hazırda Türkiyə Avropa Birliyi sıralarına qoşulmaq üçün hazır deyildir: "Hazırda bu məsələ müzakirə mövzusu olsaydı, birmənalı tərzdə deyərdilər ki, Türkiyə Avropa Birliyinə daxil olmaq üçün hazır deyildir" deyə vitse-kansler bildirmişdir.
G.Vestervelle Türkiyənin Avropa oriyentasiyalılığını mühafizə etməsinin vacib olduğunu qeyd etmişdir. Onun fikrincə, Türkiyə Əfqanıstanda, İranda, Yəməndə və eləcə də, Yaxın Şərq regionunda konfliktlərin konstruktiv tərzdə həllinə yardımçı ola bilər. G.Vestervelle Avropa Birliyinin Ümumavropa referendumunda Türkiyənin quruma qəbulunun mümkün olub-olmaması məsələsinə toxunmamış və hazırda aktual olmayan bu suala cavab verməyin mənasız olduğunu bildirmişdir. Vitse-kansler yaxın vaxtlarda Türkiyənin Avropa Birliyinə daxil olmasının qeyri-mümkünlüyünü vurğulamışdır. "Əslində, bu gün çalışmalıyıq ki, Türkiyədə belə bir təəssürat yaranmasın ki, biz onunla maraqlanmırıq" deyə o, bu məsələyə son qoymuşdur.
Xatırladırıq ki, Almaniya kansleri Angela Merkel özünən əvvəlki kansler Herhard Şröderdən fərqli olaraq, təmkinlə belə bir ifadə işlətmişdir ki, yaxın illərdə Türkiyənin Avropa Birliyinə qəbul olacağı gözlənilir. A.Merkel ötən ilin yayında Berlində Fransa prezidenti Nikolya Sarkozi ilə birlikdə Almaniya Xristian-Demokratlar Partiyasının gənc fəalları önündə çıxışı zamanı Avropa Birliyinin gələcəkdə genişlənməsinin onun normal tərzdə fəaliyyətinə mane olacağını bildirmişdi. Məhz həmin çıxışında o, Türkiyənin AB-yə qəbulolma perspektivindən danışmışdır.