PDF Oxu

Dünya

  • 12

Cənubi Amerikada 175 nəfər soyuqdan ölüb

Cənubi Amerikada 175 nəfər soyuqdan ölüb
"DPA" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Amerikanın bir sıra ölkələrində baş vermiş anomal soyuq hava ən azı 175 nəfərin ölümünə səbəb olmuşdur. Ən ağır vəziyyət Perunun cənubunda müşahidə edilmişdir. Burada And dağlarının yüksəkliklərində temperatur minus 23 dərəcəyə enmişdir. Peruda bir həftə ərzində havaların soyuması 112 nəfərin soyuqdəymədən ölməsi ilə nəticələnmişdir.
Argentinada 16 nəfər şaxtadan donmuşdur. 11 nəfər isə sobaların buraxdığı yanar qazdan zəhərlənmişdir. Bundan başqa 18 nəfər Boliviyada, 9 nəfər Braziliyanın cənubunda, 5 nəfər Paraqvayda, 2 nəfər isə Çili və Uruqvayda ölmüşdür.
Boliviya və Peru məktəbləri ən azı həftənin sonunadək bağlanmışdır. İri şəhərlərdə evsizlər üçün isti sığınacaqlar hazırlanır. Bu cür ekstremal şəraitdə aztəminatlı ailələrin vəziyyəti daha da ağırlaşmışdır. Çünki onlar yaxşı qızdırılmamış evlərdə yaşayır və yüksək ixtisaslı həkimlərin qəbuluna düşə bilmirlər.
İnsanlarla birlikdə ev heyvanları da soyuqdan əziyyət çəkir. Paraqvay və Braziliya hökumətinin məlumatına görə, regionda bir neçə min baş mal-qara soyuqdan tələf olmuşdur.
Regionun energetika kompaniyaları gərgin iş rejiminə keçmişlər. Çünki soyuqların düşməsi ilə əlaqədar elektrik enerjisinə və qaza tələbat qat-qat artmışdır. Argentinanın bir sıra regionlarında qaz çatışmazlığı hiss edilir.
2010-cu ilin qışı Cənubi Amerikada ən azı son 10 il ərzində, tarixə ən soyuq qış kimi düşəcəkdir.

Digər xəbərlər