PDF Oxu

Dünya

  • 11

"Candallah" İranda törədilən partlayışların məsuliyyətini öz üzərinə götürüb

"Candallah" İranda törədilən partlayışların məsuliyyətini öz üzərinə götürüb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, "Candallah" sünni qruplaşmasının silahlıları İranın cənubi-şərqində yerləşən Zahidan şəhərində törədilən iki terror aktının məsuliyyətini öz üzərinə götürmüşlər.
"Röyter"in əldə etdiyi bu məlumatı "Əl-Ərəbiyyə" telekanalı elektron poçt vasitəsilə terrorçulardan almışdır. Qruplaşma fəallarının dediklərinə görə, Sistan və Bəlucistanda törədilən terror aktları "Candallah" lideri Əbdülmalik Riqinin edam edilməsinə cavab olmuşdur. Qruplaşma üzvləri terror aktlarının İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi qulluqçuları əleyhinə yönəldildiyini bildirmişlər. Onların verdikləri məlumata görə, terror aktlarını edam edilmiş liderin qohumları Əbdülbaset Riqi və Məhəmməd Riqi törətmişlər. "Candallah" fəalları yaxın vaxtlarda yeni terror aktları törədəcəklərini də vəd etmişlər.
Zahidanda baş vermiş iki terror aktı iyulun 15-də gerçəkləşdirilmişdir. Nəticədə ən azı 21 nəfər həlak olmuş, 100 nəfərdən çox adam müxtəlif bədən xəsarəti almışdır. Terror aktları kamikadzelər tərəfindən şiə məscidlərindən birinin yanında törədilmişdir. "Candallah" sünni qruplaşmasının lideri Əbdülmalek Riqi 2010-cu ilin fevralında həbs edilmişdi. İranın xüsusi xidmət orqanı əməkdaşları onu Dubaydan Qırğızıstana uçarkən təyyarədə həbs etmişlər. Bir müddət əvvəl, İran rəsmiləri A.Reqini 79 müxtəlif cinayət hadisələrində ittiham etmişlər. Bu cinayətlər arasında qətllər, silahlı talanlar, şəxsiyyətlərin həyatına sui-qəsdlər, hərbçilərə və dinc sakinlərə hücumlar və s. sadalanır. İranın kütləvi informasiya vasitələrinin məlumatlarına görə, A.Riqi NATO və MKİ ilə də əməkdaşlıq etmişdir. Xatırladırıq ki, A.Riqi iyunun 20-də səhər tezdən edam edilmişdir.

Digər xəbərlər