ABŞ Səddam Hüseynin yaxın tərəfdaşını İraqa təhvil verdi
"Assoşieyted Press" informasiya agentliyinin iyulun 15-də yaydığı məlumata görə, ABŞ 7 il həbsxanada saxlanılan İraqın keçmiş vitse-prezidenti Tarik Əzizi İraq hökumətinə təhvil vermişdir. ABŞ T.Əzizlə birlikdə İraqın hakimiyyət dairələrinə S.Hüseynin daha 54 yaxınını təqdim etmişdir. "Frans Press"in məlumatında, T.Əzizin vəkilinin dediyinə görə, təhvil-təslim prosesi iyulun 13-də gerçəkləşdirilmişdir. ABŞ-da yaşayan keçmiş nazir T.Əzizin vəkili Badi Arefin dediyinə görə, T.Əziz hazırda Bağdad həbsxanasında saxlanılır.
Hazırda 74 yaşı olan Tarik Əziz ABŞ ordusuna 2003-cü ilin aprelində təslim olmuşdur. 1983-cü ildən etibarən, o, İraqın xarici işlər naziri olmuşdur. Bundan başqa, T.Əziz 1979-cu ildə ölkənin baş naziri müavini postunu da tutmuşdur. O vaxt İraqın baş naziri Səddam Hüseyn olduğundan, T.Əziz faktiki hökumət başçısı sayılırdı. T.Əziz həm də, S.Hüseynin yaxın həmkarı idi.
2009-cu ildə İraq məhkəməsi T.Əzizi kürd əhalisini İraqın şimalından köçürdüyünə görə, 7 il müddətində azadlıqdan məhrum etmişdi. O vaxt "Kimyaçı Əli" adı ilə tanınan S.Hüseynin əmisi oğlu Hasan əl-Məcidə də 7 il həbs cəzası kəsilmişdi. Daha əvvəl "Kimyaçı Əli" 15 il azadlıqdan məhrum edilmişdi. Ona 1990-cı illərin ortalarında İraqın şiə əhalisini məhv etdiyi üçün dörd edam hökmü də kəsilmişdi. 2010-cu ilin 25 yanvarında "Kimyaçı Əli" edam edilmiş, T.Əzizin üzərindən isə şiələri qətlə yetirmək ittihamı götürülmüşdü. Xatırladırıq ki, 2010-cu ilin yanvarında T.Əziz həbsxanada insult keçirmişdir.