Alman sosial-demokratları demokratiyanın güclənməsini tələb ediblər
"Şpigel" qəzetinin yazdığına görə, Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) sədri Ziqmar Qabriel belə bir bəyanat vermişdi ki, partiya üzrə həmkarları AFR Konstitusiyasında dəyişiklik edilməsi haqda ümumxalq referendumunun keçirilməsi məsələsini gündəliyə gətirmək istəyirlər. Onun fikrincə, bu məsələnin müzakirəyə çıxarılması ölkə vətəndaşlarının siyasi həyatının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Z.Qabriel "Bild am Sonntaq" nəşrinə verdiyi müsahibəsində göstərmişdir ki, hər dörd ildən bir Bundestaq deputatlarının bülletenlərə xaç işarəsi qoymalarını xalqı idarə etməyin ən yüksək forması adlandırmaq olmaz. Onun dediyinə görə, ümumxalq referendumunun keçirilməsi alman siyasətinin dalandan çıxarılması demək olardı.
Sosial-demokratların lideri diqqəti bir məsələyə yönəltmişdir ki, vətəndaşların ənənəvi siyasi demokratiya institutlarında təmsil olunmaları partiyaların fəaliyyətinin get-gedə azaldılmasına səbəb olardı. Bununla da, cəmiyyətdə vətəndaş təşəbbüslərinin aktivləşməsi artar, bloqlarda siyasi diskusiyaların yer alması cəmiyyətin siyasiləşmə dərəcəsini yüksəltmiş olardı. Z.Qabrielin fikrincə, hazırda Almaniyanın siyasi elitasının alman cəmiyyətindən ayrılması prosesi güclənir. Onun fikrincə, bu parçalanmanın qarşısının alınması üçün konstitusiyada dəyişiklik edilməsi cəmiyyətdə siyasi aktivliyin artmasına səbəb olardı. "Şpigel"in yazdığına görə, AFR-də ümumxalq referendumunun keçirilməsi təklifi ilə ASDP və "Yaşıllar" partiyalarından AFR prezidentliyinə namizəd İoahim Qauk da çıxış etmişdir. İ.Qauk ümummilli siyasi proseslərə "siyasi menecerlərin" artan təsirinin təhlükəsi haqda bəyanatla çıxış etmişdir. Onun dediyinə görə, AFR prezidentini Federal Məclis üzvləri yox, ölkə vətəndaşları seçmiş olsaydılar, o zaman seçkilərin obyektivliyi təmin edilmiş olardı.
"Şpigel"in yazdığına görə, hazırda Almaniyada siyasi məsələlər üzrə ümummilli referendumların keçirilməsində süni mürəkkəbliklər yaranmışdır.