Rus casusları ABŞ-dan deportasiya edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 8-də rus casuslarının 10-u da ABŞ-dan deportasiya olunmuşdur. Bu, Moskva vaxtı ilə cümə günün səhərinə təsadüf edir. Nyu-Yorkda keçirilən məhkəmə prosesində ittiham edilənlər öz fəaliyyətlərini xarici ölkənin qeydə alınmamış agentləri qismində qurduqlarını bildirirdilər. "İTAR-TASS"-ın məlumatına görə, rus casusları ABŞ-ın təyyarəsi ilə Rusiyaya uçmalı idilər.
İttiham edilənlər - Anna Çapman, Mixail Semyonko, Maykl Zottoli (Mixail Kutsik), Patrisiya Millz (Natalya Perverzyova), Viki Pelaes, Xuan Lasaro (Mixail Vesenkov), Riçard və Sintya Merfi (Vladimir və Lidiya Quriyevlər), Donald Xitfild (Andrey Bezrukov) və Treysi Fouli (Yelena Vavilova) 2010-cu il iyunun axırlarında həbs edilmişdilər. Onlar casusluqda və çirkli pulların yuyulmasında ittiham edilirdilər.
Casusların məhkəməsi iyulun 8-də başladı. Müttəhimlər günahlarını qismən etiraf etdilər. Buna cavab olaraq, çirkli pulların yuyulması ittihamı onların üzərlərindən götürüldü. Hakimin casuslara kəsdiyi azadlıqdan məhrumetmə cəzaları başa çatdığından, onların məhkəmə zalından azadlığa buraxılmaları və dərhal deportasiya olunmaları haqda qərar qəbul edilmişdir. Müttəhimlərə bundan sonra ABŞ ərazisinə qayıtmamaq tövsiyəsi edilmişdir.
İyulun 9-a keçən gecə Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-da həbs edilən şəxslərin Rusiyada ittiham edilən dörd ABŞ vətəndaşı ilə dəyişdirilməsi haqqında təklifin doğruluğunu təsdiq etmişdir. Rusiya prezidentinin mətbuat katibi Natalya Tımakova artıq prezidentin, haqlarında söhbət gedən İqor Sutyagin, Sergey Skripal, Aleksandr Zaporojski və Gennadi Vasilenko haqda əfv fərmanı imzaladığını bildirmişdir.