Pakistanda terrorçularla birgə döyüşən Almaniya vətəndaşı saxlanılıb
"Sueddeutşe Zaytunq" nəşrinin yazdığına görə, Pakistan hərbçiləri "Əl-Kaidə" və "Taliban" silahlılarının möhkəmlənmiş olduqları Şimali Vəziristan əyalətində Almaniya vətəndaşı saxlanılmışdır. "Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, saxlanılan şəxs terrorçu qruplaşmalarda fəaliyyət göstərən döyüşçülərdən biridir.
"Aramızda cihadda fəal iştirak edən almanlar çoxdur. Bu, heç kəsi təəccübləndirməməlidir" deyə qruplaşma üzvlərindən biri bildirmişdir. Bəzi məlumatlara görə, bu şəxs 27 yaşlı alman islamçısı M.Ramidir. Bu şəxs Almaniyada yaşayarkən daim Hamburq məscidində ibadət etmişdir. M.Ramini ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarının təşkilatçılarından biri hesab edirlər.
Pakistanın kütləvi informasiya vasitələri M.Raminin partlayıcı qurğu mütəxəssisi olduğunu bildirirlər. Bir neçə ay əvvəl, o, Pakistana Əfqanıstan sərhədindən keçib gəlmişdi. Deyilənə görə, o, avtomobillə blokpostlardan birindən keçmək istərkən, islamçı həmkarları ilə birlikdə həbs edilmişdir. M.Rami və islamçı həmkarlarından biri qadın çadrası geymişdilər və səslərini dəyişməyə cəhd edirdilər. Avtomobildə əlavə bir kişi və bir qadın olmuşdur. Onlar özlərini Pişəvərə gedən ailə üzvləri kimi təqdim edirdilər. Çadra geymiş kişilərdən biri əsgərlərdə şübhə oyatdığından, onlar ciddi yoxlama əməliyyatı keçirmişlər.
"Şpigel" qəzetinin yazdığına görə, həbs olunarkən, M.Raminin sol ayağı qırılmış vəziyyətdə olmuşdur. Ehtimal olunur ki, sınıq güllə yarası yox, bədbəxt hadisənin nəticəsi olmuşdur. Yoldaşları M.Ramini şəhər xəstəxanasında müalicə etməyə aparırdılar. Hazırda həbs edilən şəxslər Pakistanın "ISI" məxfi xüsusi xidmət orqanında saxlanılır.