Çində 132 nəfər daşqının qurbanına çevrilib, 46 nəfər isə şaxtada baş vermiş partlayışdan həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin cənubunda baş vermiş daşqın nəticəsində 132 nəfər həlak olmuş, 86 nəfər itkin düşmüşdür. 1,4 milyon əhali yaşayış yerlərindən evakuasiya edilmişdir. İyunun 13-də başlayan daşqınlar 10 milyondan çox çinliyə fiziki və maddi zərər vurmuşdur.
"Sinxua" agentliyinin məlumatına görə, təbii fəlakətdən daha çox Funtszyan, Çjetszyan, Quandun, Xunan, Tszyansi, Quyçjou, Sıçuan və Quansi - Çjuan əyalətləri zərər çəkimşdir. Bəzi məlumatlara görə, daşqının vurduğu zərər 10 milyard yuana (1,46 milyard dollar) yaxın olmuşdur. Meteroloqlar yaxın vaxtlarda leysan yağışların yağacağını və güclü küləyin əsəcəyini proqnozlaşdırmışlar.
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin kömür şaxtalarından birində baş vermiş partlayış nəticəsində 46 nəfər həlak olmuşdur. Partlayış iyunun 21-də yerli vaxtla saat 01.40 dəqiqədə Çinin mərkəzi Xenan əyalətinin Pindinşan şəhər yaxınlığındakı kömür şaxtasında baş vermişdir. Qəza zamanı şaxtada 72 nəfərin qaldığı bildirilirdi. Onların 6 nəfəri bayıra çıxmağa müvəffəq olmuşdur. Daha 20 nəfər xilasedicilik əməliyyatı zamanı yuxarı qaldırılmışdır.
Rəsmi məlumata görə, 2009-cu ildə Çinin şaxtalarında baş vermiş qəzalar nəticəsində 2631 nəfər həlak olmuşdur. Ölkənin həmkarlar ittifaqlarının məlumatına görə, hökumət nümayəndələri şaxtalarda həlak olanların miqdarını məqsədyönlü tərzdə aşağı salır. Çin şaxtalarında son böyük qəza cari ilin 28 martında Şansi əyalətində baş vermişdir. Xilasedicilik əməliyyatları aprelin 5-dək davam etdirilmişdir. O vaxt xilasedicilər şaxtada qalmış 153 nəfərdən 115 nəfərini xilas etməyə nail olmuşlar.