PDF Oxu

Dünya

  • 5

Əhmədinejad nüvə ölkələrini atom enerjisini mənimsəməkdə ittiham edib

Əhmədinejad nüvə ölkələrini atom enerjisini mənimsəməkdə ittiham edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad dünyanın nüvə dövlətlərini nüvə texnologiyası üzərində monopoliya yaratmaq cəhdində ittiham etmişdir. İran prezidenti bu bəyanatını BMT-nin Təhlükəsizlik Şurası Tehrana münasibətdə sərtləşdirilmiş sanksiya tətbiq etdikdən sonra vermişdir. "Nüvə dövlətləri heç bir ölkənin atom enerjisindən dinc məqsədlərlə istifadə etməsinə imkan vermək istəmir" deyə Əhmədinejad bildirmişdir. O, nüvə dövlətlərinin bəzilərinin atom bombası tətbiq etdiyini vurğulamışdır. İran prezidenti bu cür ölkələri elm və texnologiyanı öz monopoliyalarına götürmək cəhdində ittiham etmişdir. İranın nüvə proqramı ətrafında cərəyan edən konflikt uzun illərdir ki, davam etməkdədir. Bir çox Avropa ölkələri və ABŞ İranın nüvə silahı istehsal etmək istədiyini iddia edir. İranın rəhbərliyi isə həmişə bu iddiaları rədd edir və istehsal etdiyi nüvə proqramının, istisnasız olaraq, dinc məqsədlər daşıdığını bildirir. Bununla belə, 2010-cu ilin fevralında İran prezidenti Natanz zavodunda 80 faizli nüvə yanacağı istehsal ediləcəyini bəyan etmişdi. Apreldə İran mütəxəssislərinin uranın zənginləşdirilməsi üçün yeni sentrifuqlar istehsal etdiyi məlum olmuşdur. İyunun 9-da BMT-nin Təhlükəsizlik Şurası İran üzərinə əlavə sanksiyalar tətbiq etmişdir. Bu qadağa İranın həm iqtisadi, həm də hərbi-sənaye sahələrinə tətbiq ediləcəkdir. Bundan sonra Tehran xarici ölkələrin nüvə sənayelərini maliyyələşdirmək imkanından məhrum ediləcəkdir. İrana silah satışına da qadağa qoyulur. Bu silahlar siyahısına tanklar, zirehli maşınlar, qırıcı təyyarələr, zərbə vertolyotları, hərbi gəmilər, raketlər və raket kompleksləri daxildir.

Digər xəbərlər